İyunun 25-də saat 21:40-da Xətai Rayon Mühafizə İdarəsinə rayon ərazisindəki bankların birindən daxil olmuş həyəcan siqnalı ilə əlaqədar dərhal polis əməkdaşları həmin ünvana gediblər.
Bu barədə APA-ya DİN-in mətbuat xidmətindən məlumat verilib.
Müəyyən edilib ki, banka gəlmiş 2 nəfər oranın xəzinədarına manata dəyişmək üçün 1 ədəd 100 dollarlıq əskinas verib. Xəzinədar əskinasın saxta olduğunu aşkar etdiyindən bu barədə polisə məlumat verib.
Həmin şəxslər mühafizə polisinin əməkdaşları tərəfindən saxlanılaraq 34-cü Polis Bölməsinə təhvil veriliblər. Araşdırmalarla onların Ağsu rayon sakini Tural Behbudov və Ağdam rayon sakini Emin Aslanov olduqları müəyyən edilib.