21 C
Baku
Friday, April 26, 2024

Saxta pul satmaq istəyənlərə hökm oxundu: 14 000 manatı 3 500 manata satırmışlar

Asan yolla pul qazanmaq istəyən dostlara hökm oxunub. Saxta pul hazırlayan dostlar ilk işlərində həbs ediliblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində saxta pul hazırlamaqda və satmaqda ittiham edilən Elşad Cəfərov, Ramil Dəmirov və Famil Həsənovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

İttihama görə, Ramil Dəmirov tamah niyyəti ilə xeyli miqdarda saxta pul hazırlayaraq satmaq planı qurub. Bu barədə tanışları Elşad Cəfərov və Famil Həsənovla qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etdikləri 100, 50 və 20 manatlıq saxta əskinasları satmağa çalışıblar. Onların 14 min manat saxta pulu 3700 manata satmaq istəmələri barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Mübarizə İdarəsinin Kibercinayətlər, saxta pul, sənəd, mal və məhsulların dövriyyəsinə qarşı mübarizə idarəsinə məlumat daxil olub. Həyata keçirilən əməliyyat zamanı adı çəkilən şəxslər saxta əskinasları şərti alıcı Ramal Abbasova satmaq istəyərkən saxlanılıblar.

İstintaq zamanı məlum olub ki, Famil Həsənov daha əvvəl də məhkumluq həyatı yaşayıb. O, dələduzluq ittihamı ilə həbs edilib və vaxtından əvvəl- 2016-cı ildə azadlığa buraxılıb.

Məlumata görə, təqsirləndirilən şəxslər saxta əskinasları Masazır qəsəbəsində hazırlayıblar. Onlar saxta pulları satmaq üçün Ramal Abbasovdan müştəri tapmasını istəyiblər. R.Ababsovun DİN-ə verdiyi məlumat əsasında isə hər üç şəxs saxlanılıb. Onlar Bakı Beynəlxalq Avtovağzalının yaxınlığındakı kafedə baş tutan görüşdə saxta pulları satmaq istəyərkən yaxalanıblar.

Rəsmi məlumatda yazılır ki, daha sonra Ramil Dəmirovun Masazır qəsəbəsindəki evinə də baxış keçirilib və oradan 8620 manat saxta əskinaslar götürülüb.

Məhkəmədə ifadə verən hər üç şəxs əməllərindən peşman olduqlarını, cinayəti imkansızlıqdan etdiklərini deyiblər.

Elşad Cəfərov qeyd edib ki, bu əməli dolanışığı çətin olduğu üçün edib. O bildirib ki, digər iki şəxsi fəhlə işləyərkən tanıyıb.

“Onlarla aramızda yoldaşlıq münasibətləri yarandı. Bir neçə dəfə birlikdə oturanda dolanışıqdan, imkansızlıqdan söhbət düşdü. Biz pul qazanmağın müxtəlif yollarını müzakirə etdik. Amma heç biri ağlabatan deyildi. Söhbətlərin birində Famil asan pul qazanmağın yolu kimi saxta pul hazırlamağı təklif etdi. O daha əvvəl də bu əməlinə görə həbsdə yatmışdı. Biz bu təkliflə razılaşdıq. Famillə mən Bakıda kirayədə yaşadığımız üçün saxta pul hazırlamağa şərait yox idi. Ramil isə Masazırda öz evində bunu edə bilərdi. Beləliklə, Ramil saxta pulu hazırlayacaq, biz isə satacaqdıq”- deyən E.Cəfərov planlarının detallarını da danışıb.

O bildirib ki, saxta pul hazırlamaq üçün lazım olan printeri internetdəki elanlardan taparaq 450 manata alıblar. Bu məbləği də 3 nəfər arasında bölərək düzəldiblər. Digər avadanlıqları isə Ramil alıb.

Elşad Cəfərov ifadəsinin davamında saxta pulları satmaq üçün müştərini də özünün tapdığını deyib: “Pullar hazırlanandan sonra biz bir neçə dəfə görüşdük. Ramil bizə hazırlanan pullardan nümunə göstərdi. Bəzi pulların üstündəki qızılı rəngli nişan solğun idi. Bunu aradan qaldırmalı idik. Mən təklif etdim ki, parıltılı lak vuraq. Ramil bu işi bacarmayacağını dedi. Mən pulları alıb solğun olan hissələrə parlaq lak vurdum. Daha sonra pulları yenidən Ramilə qaytardım. Müştəri axtarmağa başladım. Təsadüfən Ramalla tanış olandan sonra onun etibarlı insan olduğunu düşündüm. Söhbətlərimizin birində məndə saxta pul olduğunu dedim və satmaq üçün müştəri tapmasını istədim. Əvvəlcə mənə inanmadı. Sonra ona nümunə göstərdim. O, bundan qorxdu, amma ciddi olduğumu bildi. Bir neçə gün sonra ona zəng edib müştəri tapıb-tamadığını soruşdum. Müştəri tapmadığını dedi, amma bir neçə saat sonra gözləmədiyim halda zəng edib 14 min saxta pul alacağını dedi. Görüş yeri təyin etdik. Mən Famillə birlikdə Ramildən pulu götürüb görüş yerinə getdim. Famil ayrı masada əyləşdi. Biz Ramalla kabinetlərdən birinə keçdik. Pulu Ramala verəndən bir neçə dəqiqə sonra polis əməkdaşları bizi saxladı”.

Digər iki şəxs də məhkəmədə eyni məzmunlu ifadə verib.

Hər üç şəxs Cinayət Məcəlləsinin 204.2 (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma; eyni əməllər xeyli miqdarda və ya əvvəllər saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satmağa görə məhkum olunmuş şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham ediliblər.

Məhkəmədə hökm oxunub. Hökmə əsasən əsasən Elşad Cəfərov 7 il, Ramil Dəmirov 7 il və Famil Həsənov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

– Musavat.com

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər