Qazaxıstan prezident seçkisinə hazırlaşır. Seçkilər noyabrın 20-də keçiriləcək. Namizədlərin sayı artsa da, hazırki dövlət başçısı Kasım-Jomart Tokayevin prezident seçilməsi şansları yüksəkdir.
Tokayevin yanvar hadisələrindən sonra Qazaxıstanda mövqeləri güclənib. O, keçmiş prezident Nursultan Nazarbayevin himasəyindən çıxıb, müstəqil daxili və xarici siyasət yürüdür. Paytaxtın adı yenidən Astana oldu. Tokayev Astanada beynəlxalq əhəmiyyətli bir neçə beynəlxalq toplantı keçirib. Tokayev Qazaxıstanın hərbi doktirnasını da dəyişdirib.
Yeni düzəlişə görə, Qazaxıstanda daxili münaqişələr zamanı Milli Qvardiyanın gücündən də istifadə oluna bilər.
Bakıda mənzillənən Atlas araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirir ki, Tokayev ölkəsinin Rusiyadan asılılığını azaltmağa çalışır.
“Rusiya rəsmilərinin və diplomatlarının Qazaxıstanın ərazi bütövlüyü əleyhinə verdikləri açıqlamalar Astanada narazılıqla qarşılanır. Qazaxıstanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, ilhaqı tanımaması Kremlin xoşuna gəlmir”- deyə, siyasi şərhçi deyib.
O deyir ki, Astana Türkiyə və türk dünyası ilə əməkdaşlığın geninləşməsinə üstünlük verir və əlavə edir ki, “Astana Ankara ilə birgə hərbi-sənaye kompleksini inkişaf etdirməkdə qərarlıdır”.
Qazaxıstanda marağı olan ölkələrdən biri də Çindir. Pekin Kremlin strateji tərəfdaşı olsa da, Qazaxıstanın ərazi bütövlüyünə dəstək verir. Çin lideri Si Cinpin Qazaxıstana səfəri zamanı qonşu ölkənin ərazi bütövlüyünə dəstəyi davam etdirdiyini bildirdi.
“Bu Pekinin Moskvaya mesajı idi ki, Çin Rusiyanın Qazaxıstana qarşı ərazi iddialarını qəbul etmir. Çin Rusiya və Qazaxıstanla birgə Şanxay Əməkdaşlıq Təşkilatının imkanlarının hərəkətə gətirilməsini istəyir”.
Buna baxmayaraq, Pekin fəal uyğurların Qazaxıstanda sığınacaq tapmaqlarından narahatdır. Qazaxıstan uyğurların Çində izləşdikləri repressiyalardan qaçdıqları ölkədən biridir. Uyğurlar ara-sıra Çinin Qazaxıstandakı səfirliyi qarşısında etiraz təşkil edirlər. Ancaq Astana Çin əleyhinə böyük etirazlara imkan vermir.