14 C
Baku
Çərşənbə, Oktyabr 20, 2021

“Seçimimin olmaması mənə biznesdə uğur qazanmağa kömək edib”

faizlere

Müsahibimiz Air Cargo Azerbaijan şirkətinin rəhbəri Cavid Məmmədovdur

 Cavid bəy, necə oldu ki, biznesə gəldiniz. Biznesi qurmamışdan əvvəl nə işlə məşğul idiniz?

Biznesə başlamamışdan əvvəl bir neçə irili-xırdalı şirkətlərdə  və müxtəlif sahələrdə çalışmışam. Sonradan elə alındı ki, logistika işinə düzəldim. Bu iş ilk dövrlərdən mənə çox maraqlı gəlirdi – çünki şirkət elə də böyük deyildi və prosesin  bütün mərhələləri ilə tanış olmaq şansı qazanmışdım. Bu isə öz növbəsində bu sahənin bütün özəllikləri haqqında dərin biliklər əldə edilməsini olduqca sürətləndirirdi. Sonradan vəziyyət elə gətirdi ki, şirkətimizin təsisçiləri şirkəti 2014-cü ildə bölmək qərarına gəldilər və bir müddət sonra isə şirkət öz fəaliyyətini saxladı. Düzünü desəm, bu prosesin nəticəsi mənim üçün gözlənilməz olduğu qədər də ağır oldu. Bu dövrdə mən artıq fikirləşməyə başladım ki, hələ ki cavanam, öhdəliklərim demək olar yoxdur, özümü biznes qurmaqda bir yoxlayım. Alınar lap yaxşı, alınmaz bilərəm ki bu sahə mənə aid deyil. Məlumat üçün bildirim ki, bağlanan şirkətdə işlədiyim dövrdə yığdığım müştəri bazası var idi və mən düşünürdüm ki, ən azından boş olduğum vaxtlarda onlara logistika xidmətləri göstərməkdə yardımçı olum. Və beləcə şirkətimizin əsasını qoydum. 1 il 6 ay bütün şirkətlər kimi bizdə yeni yaranan biznesin əziyyətlərini və gözlənilməz hallarını adlamalı olduq və ən sonda müəyyən stabilliyə gəlib çata bildik.

Amma əvvəldən bu işin baş tutacağına skeptik, yəni şübhə ilə yanaşırdım. Lakin bir başa məcburiyyət qarşında qalmağım, seçimimin olmaması mənə işə daha dərindən və daha məsuliyyətli yanaşmağa məcbur etdi və bu da şirkətin qurulmasında çox vacibdir. İnsan başqa yolun olmadığını bildikdə, məcbur olub öz komfort zonasından çıxır və çox işləmək, işinə daha məsuliyyətli olmağa qadir olur.

 İlkin dövrlərdə qarşılaşdığınız çətinlik nədən ibarət oldu?

Başlanğıc dövrlərdə çox çətin oldu – buna səbəb həm yeni yaranmış şirkətin yaşadığı standart çətinliklər , həmçinində iqtisadiyyat üçün şok effektini yaşatmış devalvasiya oldu. Yenicə işlərimizi səhmana salırdıq və artıq müştərilərlə hazır müqavilələrimiz var idi ki, heç kimin gözləmədiyi anda devalvasiya baş verdi və bir gün içində bizim xərclərimiz 35% yaxın artdı, bu da yeni yaranmış şirkət üçün hiss olunacaq yükdür. Lakin buna baxmayaraq, bizə bəzi müştərilər vəziyyəti nəzərə alıb məsələyə anlaşıqla yanaşdılar və xərcləri qarşıladılar, digərləri ilə bağlı artıq müəyyən xərclərə getməli olduq ki, imicimizə və prinsiplərimizə qarşı çıxmayaq. Bütün bunlar bizim bir komanda kimi formalaşmağımızda da çox əhəmiyyətli rol oynadı və şirkətimizin daha güclü bünövrə əsasında yaranmasına köməklik göstərdi. Ümumiyyətlə, belə bir deyim var, “biznesi quran zaman ilk 3 il sən biznesə işləyirsən, 3 ildən sonra biznes sənə işləyir”. Mən bu deyimlə tam razıyam. İndiki dövrdə şirkət artıq oturuşduqdan sonra, onu idarə etmək , orada işləmək nisbətən daha az stressli və riskli olur.

 Logistika biznesində hazırda vəziyyət necədir? Logistika sahəsində sizin xidmətlərdən daha çox kimlər istifadə edir? Və ümumiyyətlə, bu sahədə hansı problemlər vardır. 

Əvvəlki dövrlə müqayisədə ilk gözə çarpan təbii ki, rəqabətin artması, çoxsaylı logistika şirkətlərinin yaranmasıdır və bu da öz növbəsində müəyyən mənada bütün şirkətlərin fəaliyyətlərində fəsadlar yaradır. Son zamanlar gömrük sistemində baş verən dəyişikliklərdən sonra logistika şirkətlərinin sayı olduqca artmışdır. Lakin onların keyfiyyətləridə buna proporsional olaraq artmır, əksinə azalır. Yeni yaranan şirkətlər daha çox bazara keyfiyyətli iş görməklə ad qazanmaqdansa, daha çox məhsul təqdim etmək strategiyası ilə daxil olurlar ki, bu da öz növbəsində digər şirkətlərə təsirsiz ötüşmür.

Hazırda inkişafımız istiqamətində çalışırıq ki, beynəlxalq təşkilatlarla əməkdaşlıqlarımızı genişləndirək. Bu gələcəkdə bizim işimizin daha təhlükəsiz aparılmasında, həm də müştərilər üçün müəyyən qarant rolunu oynayır.

O ki qaldı, logistika xidmətlərinin çeşidlərinə, Azərbaycanda hələki idxal xidmətinə daha çox ehtiyac vardır.  Düzdür, son dövrlər ixrac olunan məhsullarında sayı artmaqdadır. Əvvəllər bu məhsullar siyahısında yalnız kənd təsərrüfatı məhsulları olsa da, hazırda onların siyahısına şərab, qida məhsullar və s. daxil edilir.

 İşçi seçimi məsələsində bildiyimiz qədər çox həssassınız. Bu proses sizin şirkətdə necə həyata keçir?

Bəli, çalışdığımız şirkətdə həmişə çalışmışıq ki, bir ailə kimi formalaşıb iş görək. Bu bir tərəfdən təşkilatda stabillik, digər tərəfdən isə işçilərin effektivliyini artırır. Düşünürəm ki, stress şəraitində çalışan işçilərin məhsuldarlığı məhz bu proseslərdə azalır və şirkətlər bundan yalnız uduzurlar. İşçilərə iş üçün komfortlu şəraitin yaradılması, onların işinə anlaşıqla yanaşmaq bizim ən vacib prinsiplərimizdən biridir.

Hazırda Bakıda komandamız 8 nəfərdən ibarətdir. Həmçinin Gürcüstan və Türkiyədə nümayəndələrimiz vardır.  Komandamıza savadlı, lakin təcrübəsi çox olmayan şəxsləri cəlb etməyə çalışırıq. Çünki mənim şəxsi fikrim budur ki, təcrübəsi və iş vərdişləri formalaşmış şəxsin digər mühitə uyğunlaşması çətin olur və ondan maksimum fayda almaq müşkül məsələdir. Perspektivli gənclərlə işləmək daha məhsuldar olur.

Həmişə şirkətdə korporativ münasibətlərin işlə birbaşa əlaqəsi olmasını düşünmüşəm. Bütün əməkdaşlarımıza elə şərait yaradılıb ki, onlar ofisdə özlərini daha rahat, daha sərbəst hiss etsinlər, bir-birləri ilə münasibətlərdə daha səmimi olsunlar. Belə mühitdə insanlar daha kreativ, daha məhsuldar olurlar.

 Sizin həm işçi, həmdə biznesdə işləmək təcrübəniz vardır. Bunların fərqini özünüz üçün necə izah edərdiniz və yenidən işçi kimi işləmək variantına baxa bilərdinizmi?

Əslində, hər ikisinin həm müsbət, həm də mənfi cəhətləri vardır. Biznes hər kəsə kənardan asan proses kimi gəlsə də, sahibkar üçün olduqca stressli bir işdir. Sahibkar hər zaman biznesin əməliyyat xərclərini qarşılamaq üçün komandanın düzgün istiqamətdə işləməsinə çalışır. İşçi bu sarıdan nisbətən rahatdır, stabil əmək haqqısını alır.

 Həm özünüz sahibkarsınız, həm də digər sahibkarlarla sıx təmasdasınız – onların xaricdən mallarını Azərbaycana gətirilməsində köməklik göstərirsiniz. Azərbaycan üçün ən perspektivli biznes sahələri hansıları hesab edirsiniz?

İT bizneslə bağlı bütün sahələri perspektivli hesab edirəm və gələcəkdə bu sahələrin investisiya baxımdan daha cəlbedici olacağını düşünürəm. Ənənəvi sahələrdən perspektivli kimi smart agro sahəsinə üstünlük verərdim. Xarici ölkələrdə bu sahə üzrə kifayət qədər innovativ ideyalar mövcuddur və onların Azərbaycan kənd təsərrüfatına tətbiqinin gələcəkdə perspektivli sahələrdən biri olacağını düşünürəm.

©Bizplus

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər