İndicə yuxudan durdum. Burada gecə saat 01:47-dir. Bu gün Karlsenlə beş saatdan çox oyun oynadım və açığı, çətin mübarizə oldu. Debütdə böyük üstünlüyüm var idi. Sonra bir az vəziyyətim çətinləşdi və üstünlüyü əldən verdim. Buradan bir qənaətə gəldim ki, bir daha 40-45 günlük turnirlərə son qoyacağam.
Bunu Azərbaycanın şahmat üzrə qrossmeysteri Şəhriyar Məmmədyarov sosial şəbəkədə yazıb.
Azərbaycanı dünyada təmsil edən Şəhriyar üzləşdiyi çətinlikləri etiraf edib:
“Gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər arxa-arxaya oynamaq, əlbəttə ki, biabırçılıqdır. Bu gün jurnalist mənə sual verdi ki, səni bu qədər oynamağa məcbur edən nədir? Utandım, deyim ki pul!
Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Bütün yarışlara öz hesabıma gəlirəm. Buradakı insanların sponsoru var. Amma yenə sabah oyun var. Gərək yenə hazırlaşım. Çox heyf, amma şahmat belə məni bezdirir! Yorulmuşam!
Sabah yenə oynamaq lazımdır! Arada fkirləşirəm bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmır. Azərbaycana sevgim sonsuzdur. Amma heyf ki, mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacağam. O zaman isə bu söhbətlər, sadəcə, mənasız olacaq. Təşəkkürlər diqqətə görə”.
Məsələ ilə bağlı Oxu.Az qrossmeysterin atası Həmid Məmmədyarovla əlaqə saxlayıb.
O da biznesmenlərin Azərbaycanı xaricdə layiqincə təmsil edən şahmatçımıza qarşı biganəliyindən danışıb:
“Turnirlərə gedəndə çox xərci özü çəkir. Özü kimlərəsə ağız açmaq, yalvarmaq istəmir. Vətənpərvər bir insan tapılmır ki, onun xərclərini öz üzərinə götürsün. Ümumi götürdükdə, onunla yarışan elit şahmatçılara öz ölkələrində daha çox qayğı var. Bizdə gərək kiməsə ölkə rəhbərliyi tərəfindən göstəriş verilsin. Heç kim könüllü şəkildə yardım etmək istəmir.
Şəxsən ölkə başçısı şahmata diqqət ayırır. Avropa çempionatından sonra şahmatçıları qəbul etməsi və onları mükafatlandırması buna bariz nümunədir. Amma tək onunla iş bitmir axı. Gərək digər insanlar, biznesmenlər də qeyrətə gəlsin.
Əslində, bu pulu Gənclər və İdman Nazirliyindən xahiş etsək, almaq olar. Amma bu məsələ vaxt apardığı üçün oraya müraciət etmirik. Nazirlik dünya və Avropa çempionatında ezamiyyə xərclərini çəkir. Təsəvvür edin ki, o pul olmasa, ümumiyyətlə, vəziyyət pis olar.
Elə vaxt olur ki, xərcləri təşkilatçılar ödəyir. Elə vaxt isə olur ki, özümüz ödəməli oluruq. İndi ABŞ-da iştirak etdiyi turnir şahmatçıların xərcini ödəmir. Təyyarə, məskunlaşma, qidalanma xərclərini şahmatçılar özləri çəkir.
Təşkilatçılar deyir ki, bizim mükafat fondumuz bu qədərdir (mükafat fondu 300 min dollardır – S.M.), iştirak et, pulunu al. Həmçinin Şəhriyar özü ilə kömək məqsədilə millidəki komanda yoldaşı Rauf Məmmədovu da aparıb. Onun da xərcini Şəhriyar çəkir”.
I vitse-prezidenti Mahir Məmmədov Şəhriyarın fikrinə reaksiyası
“Şəhriyar Məmmədyarov ən yüksək mükafatlara və sponsorlara layiqdir. Dahi şahmatçıdır. Lakin onun bugünkü bəyanatında bəzi məqamlar var ki, onlara mütləq aydınlıq gətirmək lazımdır”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) I vitse-prezidenti Mahir Məmmədov deyib.
O bildirib ki, 33 yaşlı qrossmeyster Şəhriyar Məmmədyarovun sponsoru Azərbaycan dövlətidir: “Məqamlardan biri odur ki, Həm dövlət, həm federasiya, həm də Gənclər və İdman Nazirliyi onu heç vaxt vəsaitsiz qoymayıb. Müəyyən dövrlərdə yaxşı sponsorları olub. Əlbəttə, sponsorluq elədir ki, çox vaxt müvəqqəti xarakter daşıyır, heç kimin daimi sponsoru olmur. Lakin Məmmədyarovun bir daimi sponsoru var. Bu, Azərbaycan dövlətidir. Ona həm cənab prezident tərəfindən maliyyə yardımları göstərilib, həm də mənzillər verilib. İnanıram ki, bundan sonra da veriləcək və xidmətləri qiymətləndiriləcək”.
M.Məmmədovun sözlərinə görə, Ş.Məmmədyarov uzun illərdir iştirak etdiyi yarışların heç birinə vəsait xərcləmir: “Şahmat aləmi də bilir ki, Şəhriyar Məmmədyarovun olduğu dahi, görkəmli statusla əlaqədar onu elə yüksək səviyyəli turnirlərdə görməyə çox şad, xoşbəxt olurlar və onu bütün yarışlara dəvət edirlər. Klub səviyyəli yarışda iştirak edirsə, “SOCAR-Azərbaijan”, “Odlar Yurdu” və ya Rusiyanın hər hansı klubu onun bütün xərclərini ödəyir, əlavə qonorar verir. Bu, Azərbaycan yığmasıdırsa, onun şərəfini qorumaq hər birimiz üçün borc və böyük şərəfdir. Bununla belə, uğurları dövlət tərəfindən qiymətləndirilir. O cümlədən, son böyük uğur – Şəhriyar Məmmədyarovun birinci lövhədə çıxış etdiyi Avropa çempionatındakı qızıl medaldan sonra milli komanda cənab prezident tərəfindən qəbul olundu, dövlət başçısı, Gənclər və İdman Nazirliyi, federasiya bu nailiyyəti diqqətsiz qoymadı, mükafatlar verildi. Hətta superturnirlərə belə Şəhriyar Məmmədyarov səviyyəli şahmatçı şərtsiz və şəraitsiz dəvət olunmur, xüsusi dəvət alır. Onun heç nəyə xərci çıxmır. Nəinki özünə, hətta onu müşayiət edən şəxsə də…”
Bununla yanaşı, AŞF vitse-prezidenti bildirib ki, Ş.Məmmədyarovun zirvədə qalması üçün ona xüsusi şərait və məşqçilər lazımdır: “Ola bilsin, məşqçilərin əmək haqlarının ödənilməsi Şəhriyar Məmmədyarovun üzərinə düşür. Bunu biz istisna etmirik. Çünki öz komandasının bütün işlərini, incəliklərini özü bilir. Sadəcə, bu gün ona bir sponsor görürəm. Bu, Azərbaycan dövlətidir. Lakin bu, o demək deyil ki, onun şəxsi, qeyri-dövlət strukturu kimi maliyyə və kommersiya qurumlarından sponsorları ola bilməz. Ola bilsin, son illər onun qabarıq şəkildə sponsoru yoxdur. Lakin Məmmədyarov heç vaxt diqqətsiz qalmayıb. Onun hazırkı sponsoru kimi Azərbaycan dövlətini vurğulamaq və kommersiya qurumlarını ona dəstək olmağa dəvət etmək lazımdır”.
M.Məmmədov Ş.Məmmədyarovun sponsorluq məsələsini məhz indi qabartmasını isə belə əsaslandırıb: “Görkəmli, dahi bir şahmatçı kimi onun həmişə bu məsələni qabartmaq ixtiyarı var. Hazırda ağır turnirdə iştirak edir. Buna baxmayaraq, yaxşı oynayır. Şəhriyar bir çox yarışlarda iştirak edir. Ümumiyyətlə, çoxlu turnirdə oynamaq onun oyun üslubudur. Bu baxımdan, Məmmədyarovla Teymur Rəcəbovun yarışları seçmək strategiyalarında müəyyən fərqlər mövcuddur. İndi də var, əvvələr də olub. Şahmat onun sənətidir. Öz həyatını və gələcəyini maliyyə vəziyyətini şahmat vasitəsi ilə təmin edir. Şahmatçının şahmat oynaması təəcüblü deyil. Ağır turnirdir, ola bilsin yorulub. İnsan yorulanda onun beynində müəyyən fikirlər qabara bilər. Hər şey mümkündür. Ola bilsin, Məmmədyarov onun komandasının xərclərini çəkəcək sponsor axtarır və bunun Azərbaycan şirkətlərindən birinin olmasını istəyir. Bu, təqdirəlayiq fikirdir. Məncə, Məmmədyarov bu məsələni bu cür faciəvi şəkildə qabartmamalı idi. Amma belə fikir səsləndirməyə haqqı var. Fikrimcə, onun yazdıqları yorğunluqdan irəli gəlir. Onun əlavə maliyyəyə ehtiyacı olduğunu vurğulamağa ixtiyarı var”.
Qeyd edək ki, Şəhriyar Məmmədyarov sosial şəbəkədəki şəxsi hesabında paylaşım edərək, sponsorunun olmamasından şikayətlənib.