Sekyuritizasiya – qiymətli kağızlar buraxmaq yolu ilə müəyyən aktivlərin maliyyələşdirilməsidir. Termin ingilis dilində “securities” – “qiymətli kağızlar” sözündən əmələ gəlmişdir. Sekyuritizasiya edilən predmetlər isə ipoteka borcları, avtomobil kreditləri, lizinq aktivləri və s. ola bilər.
Sekyuritizasiyanın metodları isə bundan ibarətdir: Tutaq ki, hər hansı bir bank və yaxud şirkət ipoteka, lizinq müqavilələri və s. üzrə verilmiş borc portfelinə sahibdir. Bütün bu vəsaitləri azad etmək üçün kreditor bu aktivlərlə təmin edilmiş şəxsi borc qiymətli kağızlarını buraxa bilər. Burada alternativ variant xüsusiləşdirilmiş şirkətin yaradılmasıdır. Məsələn, aktivlərin satıldığı səhmdar cəmiyyət. Bu müəssisə isə öz şəxsi aktivlərinin satılması ilə maliyyələşir. Bununla da, əsas şirkət öz risklərini azaldır və əlavə maliyyə imkanları qazanır.
Hazırda sekyuritizasiya yalnızca maliyyə sahəsində istifadə edilmir. Məsələn, developper şirkət yeni biznes mərkəzi yaradır. Həmin şirkət sekyuritizasiya yolu ilə icarədən gələn gələcək pul axınını sataraq vəsait cəlb edə bilər.
Bundan əlavə, sekyuritizasiya böhran zamanı idarəetmə üçün çox istifadə olunan bir alətdir. Bu zaman, bankın az keyfiyyətli aktivlərini sekyuritizasiya etmək olar. Bununla belə, alıcılar qiymətli kağız almaq yolu ilə böyük gəlir əldə edə bilərlər. Daha doğrusu, geri qaytarılmayan borc riski yeni buraxılan kağızların qiymətində nəzərə alınacaq. Bankın özü isə öz maliyyə göstəricilərini artıracaq.
Sekyuritizasiya 3 mərhələ ilə həyata keçirilir.
Aktivlərin toplanması həyata keçirilir.
Seçilmiş aktivlər xüsusiləşdirilir.
Bu aktivlərin təminatı altında kredit götürülür və yaxud qiymətli kağızlar buraxılır.