6 C
Baku
Sunday, December 15, 2024

Selçuk Bayraktar: “Kızılelma” pilotsuz döyüş təyyarəsi F-35 qırıcı təyyarəsini üstələyəcək”

“Pilotsuz uçuş aparatlarının (PUA) müharibələrdə nə qədər faydalı olduğunu bütün dünya gördü. Bu, ilk dəfə İdlibdə, sonra Liviya və Qarabağda, ardınca Ukraynada nümayiş olundu”.

Bunu “Baykar” müdafiə sənayesi şirkətinin İdarə heyətinin sədri Selçuk Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyənin səsdən sürətli pilotsuz qırıcı təyyarəsi “Baykar Kızılelma” bir sıra göstəricisinə görə ABŞ-ın beşinci nəsil F-35 qırıcısını üstələyəcək. S.Bayraktar bildirib ki, gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində də iştirak edə biləcək: “Biz pilotsuz qırıcının səsdən sürətli versiyasını istehsal etməyi planlaşdırırıq. “Kızılelma” klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində istifadə edilə bilər. O, tam hazır olduqdan sonra bəzi göstəricilərinə görə F-35 qırıcı təyyarələrini üstələyəcək”

Onun sözlərinə görə, “Kızılelma” pilotsuz uçuş aparatı F-35 qırıcısı kimi beşinci nəsil təyyarəsidir, lakin məsafədən idarə olunur: “Gələcəkdə bu PUA beşinci nəsil klassik aviasiya üçün çağırış olacaq”.

Qeyd edək ki, ilk dəfə 2022-ci ilin avqustunda Samsun şəhərində keçirilən “Teknofest” aerokosmik sərgisində təqdim olunan “Kızılelma” Türkiyənin səsdən sürətli qırıcı PUA-sıdır və MIUS pilotsuz döyüş təyyarəsi kompleksi layihəsinin bir hissəsi kimi hazırlanıb. PUA-nın uçuş kütləsi təxminən 6 tondur ki, bunun da təxminən 2 tonu faydalı yükdür. “Kızılelma” 12 kilometr yüksəklikdə 5-6 saat uça bilir. Kompaniyanın məlumatına görə, SATCOM şəbəkəsi ilə işləmək qabiliyyəti sayəsində PUA-nın uçuş diapazonu məhdudiyyətsizdir. Ötən ilin dekabrında ilk uçuşunu həyata keçirən “Kızılelma”nın stend sınaqları artıq başa çatıb.

Son xəbərlər
Digər xəbərlər