“ChatGPT”ni inkişaf etdirən “OpenAI” şirkətinin baş direktoru Sem Altman direktorlar şurasına geri qayıdacaq. O həmçinin “OpenAI”nin həmtəsisçisi Qreq Brokmanı, Bill və Melinda Qeyts Fondunun keçmiş baş direktoru Syu Desmond-Hellmanı, “Sony Corp.”un keçmiş icraçı direktoru və baş məsləhətçisi Nikol Seliqman və “Instacart”ın baş direktoru və sədri Fiji Simonu işə götürəcək.
“OpenAI”nin idarə heyəti “WilmerHale” hüquq firmasının araşdırmasının nəticələrinə əsasən Altman və Brokmanın direktorlar şurasına qaytarılması barədə qərar qəbul edib. Şirkət “OpenAI”nin əvvəlki direktorlar şurasının üzvləri, onun hazırkı rəhbərləri, əvvəlki direktorlar şurasının məsləhətçiləri ilə müsahibə aparıb, 30 000-dən çox sənədi nəzərdən keçirib və Altman və Brokmanın müxtəlif korporativ hərəkətlərini qiymətləndirib.
“Biz yekdilliklə razılaşdıq ki, Sem və Qreq “OpenAI” üçün düzgün liderlərdir”, – “OpenAI”nin sədri Bret Taylor söyləyib.
17 noyabr 2023-cü ildə “OpenAI”nin direktorlar şurası şirkətin CEO-su Sem Altmanı idarə heyəti ilə “səmimiyyətsiz olması” səbəbindən işdən çıxarmaq qərarına gəlib. Konkret nəyin müzakirə olunduğu açıqlanmayıb. Cənab Altman işdən çıxarıldıqdan iki həftə sonra baş direktor vəzifəsinə qayıtsa da, direktorlar şurasına daxil edilməyib.