Sem Altmanın World kriptostartapı maliyyə funksiyalarını bir platformada birləşdirən World Money tətbiqini istifadəyə verib. Tətbiq steyblkoinlərin saxlanması, beynəlxalq köçürmələr və investisiya imkanlarını təqdim edir. Mövcud funksiyaların konkret siyahısı ölkədən asılı olaraq dəyişir.
İstifadəçilər vəsaitlərini ABŞ dollarına və digər valyutalara bağlı steyblkoinlərdə saxlaya bilirlər. World Money səkkiz valyutada balansları dəstəkləyir, lakin şirkət onların tam siyahısını açıqlamayıb.
Tətbiq vasitəsilə ölkələr arasında rəqəmsal aktivləri komissiyasız göndərmək və qəbul etmək də mümkündür. Bəzi regionlarda istifadəçilər Bridge infrastrukturu əsasında yaradılmış fərdi virtual hesablara sahib ola və vəsaitləri birbaşa həmin hesablara qəbul edə bilirlər.
World Money-də ticarət və investisiya bölməsi də mövcuddur. İstifadəçilər burada tokenləşdirilmiş real aktivləri, o cümlədən qızılı alıb-sata bilirlər.
ABŞ-də tətbiqdəki balansı Stripe vasitəsilə, o cümlədən Apple Pay-dən istifadə etməklə artırmaq mümkündür. World Money həmçinin World ID istifadəçi identifikasiyası sistemi ilə inteqrasiya olunub.
Şirkətin məlumatına görə, şəxsiyyətini təsdiqləyən müştərilər əlavə bonuslar əldə edəcək və yeni funksiyalara erkən çıxış imkanı qazanacaqlar.
Sem Altmanın World kriptostartapı 2025-ci ildə ABŞ-də fəaliyyətə başlayıb. Şirkət istifadəçinin gözünü Orb adlı xüsusi cihaz vasitəsilə skan edir və gözün qüzehli qişası əsasında unikal World ID rəqəmsal kodu yaradır. Şirkət bildirir ki, bu sistem əməliyyatın bot və ya süni intellekt agenti tərəfindən deyil, real insan tərəfindən həyata keçirildiyini təsdiqləməyə kömək edir.
World Foundation-ın məlumatına görə, sistemə artıq 39 milyondan çox insan qoşulub. Onlardan 18 milyonu Orb vasitəsilə şəxsiyyətini təsdiqləyib.
2026-cı ilin iyulunda World token satışı vasitəsilə 52,5 milyon dollar cəlb edib. Əldə olunan vəsaitin World ID sisteminin genişləndirilməsinə yönəldilməsi nəzərdə tutulub.







