Avropa Komissiyasının verdiyi məlumata görə, Avropa İttifaqının viza qanunvericiliyində və Şengen vizasının qiymətində dəyişikliklərin olması gözlənilir.
İslahatın məqsədi Aİ vətəndaşı olmayanlar üçün girişin sadələşdirilməsindən ibarətdir. Bu barədə təşkilatın saytında məlumat verilib.
Miqrasiya, daxili işlər və vətəndaşlıq məsələləri üzrə komissar Dimitris Avramopulos bildirib ki, “Təklif etdiyimiz islahat sayəsində qanuna tabe olan turistlərin viza almaq proseduru daha asan və sürətli olacaq. Eyni zamanda, təhlükəsizlik standartlarının təkmilləşdirilməsi digərlərini, yəni qanuna tabe olmayanları tapmağa və dayandırmağa kömək edəcək”.
Təhlükəsizlik standartlarının gücləndirilməsinə görə xərclərin artması ilə bağlı konsulluq haqqının məbləği 80 avroya qədər artırıla bilər.
Şengen vizalarının verilmə müddəti 15 gündən 10 günədək azaldılacaq, viza üçün müraciət ərizəsi isə planlaşdırılan səfərdən altı ay əvvəl qəbul ediləcək (hazırda maksimal müddət səfərdən üç ay əvvəldir). Sənədləri elektron formada doldurub göndərmək mümkün olacaq.
Avropa İttifaqı həmçinin sərhəddə qısamüddətli vizaların verilməsi imkanını da nəzərdən keçirir, lakin onlar yalnız giriş edilən ölkədə qüvvəyə malik olacaq. Aİ tez-tez səyahət edən əcnəbilərə 1 ildən 5 ilədək müddətə malik uzunmüddətli çoxdəfəlik vizaların alınmasını sürətləndirməyi təklif edir.