Avropa İttifaqı Şurasının və Avropa Parlamentinin müzakirəçiləri gələcəkdə onlayn əldə edilə bilən rəqəmsal Şengen vizalarının tətbiqi ilə bağlı yeni müddəa üzərində razılığa gəliblər. Avropa Şurası əmin edir ki, bu təşəbbüs bir tərəfdən Şengen vizasının alınmasını asanlaşdıracaq, digər tərəfdən isə Avrozonada təhlükəsizliyi gücləndirəcək.
Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qeyd edildiyi kimi, təklif qüvvəyə mindikdən sonra ərizələrin qəbulu və elektron vizaların verilməsinin həyata keçiriləcəyi xüsusi vahid onlayn platforma yaradılacaq ki, bu da həm səyahət edənlər, həm də konsulluq xidmətləri üçün proseduru xeyli sadələşdirəcək.
Turist eyni anda bir neçə Şengen ölkəsinə gedərsə, platforma hansı ölkənin konsulluq xidmətinin müraciətə baxacağını müəyyən edəcək. Viza ikiölçülü ştrix-kod şəklində veriləcək.
Rəqəmsal Şengen vizaları ilə bağlı tənzimləmə hələ də əlavə təsdiq prosedurlarından keçməlidir, bundan sonra dərc olunacaq və qüvvəyə minəcək. Onun yekun təsdiqinin tarixi hələ açıqlanmayıb.