Məlum olduğu kimi, son illər dünyanın ən ciddi problemlərindən biri miqrasiyadır. Qlobal problemlə qarşı-qarşıyayıq. Bununla əlaqədar olaraq biz Parlamentlərarası İttifaq çərçivəsində bir proqram təşkil etməyi qərara aldıq.
Bu barədə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu kimi problemlərlə bağlı fövqəladə qərarlar qəbul etmək lazımdır: “Lakin bir çox ölkələrin, xüsusi ilə də Qərb dövlətlərinin laqeyd yanaşdıqlarını düşünürdük, daha sonra Ukraynada baş verən hadisələr fonunda 7 milyondan artıq insan Avropaya köç etməyə məcbur oldu. Biz bu məsələnin də qlobal əhəmiyyət daşıdığının anlaşılmasını vacib hesab edirik”.
Mustafa Şentopun sözlərinə görə, ikinci bir məsələ isə Türkiyənin dünyada miqrantlara ən çox ev sahibliyi edən ölkə olmasıdır: “10 ildən çoxdur ki, biz bu məsələ ilə məşğuluq, bu səbəbdən də əldə etdiyimiz təcrübə var. Bundan yanaşı, qarşılaşdığımız çətinliklər də olur. Belə ki, 3,6 milyon suriyalı olmaqla, 4 milyondan artıq miqranta ev sahibliyi etmək Türkiyəyə həm təcrübə, həm bilgi verib, həm də müəyyən çətinliklər yaradıb. Bu məqsədlə də burada öz təcrübəmizi paylaşmağı arzu etdik. Bütün bu amilləri birləşdirdiyimiz zaman Qlobal Parlament Konfransı ərsəyə gəlmiş oldu”.