Azərbaycanın xariclə ticarət balansında uzun müddətli fasilədən sonra aylıq böyük defisit yaranıb.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, sentyabr ayında 1 mlrd. 623.15 mln. dollar ixrac olduğu halda, 1 mlrd. 879 mln. dollar həcmində idxal olub.
Beləliklə, idxalın ixracı üstələməsi nəticəsində ticarət balansında 255.86 mln. dollar defisit (mənfi saldo) yaranıb.
Uzun müddət idi ki, ölkənin ticarət balansı qalıqla tamamlanırdı. Neft qiymətlərinin yüksəlməsi ilə paralel təbii qaz ixracının artması ixracın güclü artımını təmin etmişdi.
İxracın düşməsinə başlıca təsir edən amil neft və qazın həm qiymətlərdəki performansı, həm də ixrac həcminin düşməsindən irəli gəlir. Cari ilin ilk üç rübündə ölkə xaricə yalnız 17.61 mln. tonluq xam neft sata bilib. Keçən illə müqayisədə bu düz 11 faiz üzərində enişdir. İxrac neftinin ümumi dəyəri 11 mlrd. dollar təşkil edib ki, bu da keçənilki 12.13 mlrd. dollardan aşağıdır.
İxracdakı digər sıxıntı yaradan keçən illə müqayisədə bu il təbii qazın daha ucuz ixracıdır. Bu il ölkədən xaricə satılan təbii qazın 1000 kub-metri 324 dollara (ortalama) ixrac edilib, bu, keçənilki 559 dollarla müqayisədə 42 faiz ucuzdur. Əlavə olaraq keçən ilin eyni dövründə ölkə xaricə 20.42 mlrd. kub-metr təbii qaz satmışdı, cari ildə bu rəqəm 18.73 mlrd. kub-metrə düşüb. Nəticədə ölkənin təbii qazdan gəliri illik müqayisədə 47 faiz azalaraq 6.08 mlrd. dollara düşüb.
İxrac azalarkən, idxal isə onunla əks dinamikada irəliləyir. Keçən il 9 aya 12.61 mlrd. dollarlıq idxal bu il artaraq 14.64 mlrd. dolları adlayıb.
Beləliklə, ticarət saldosundakı müsbət saldo keçən il 13.87 mlrd. dollardan bu il 5.21 mlrd. dollara düşüb.
Bu il idxalın artımına əlavə təzyiq qızıl idxalının son illərin ən irihəcmli artımını da dəstəkləyir. Banker.az-ın araşdırmasına görə, 4 aya ümumilikdə ölkəyə 19 904 kq həcmində qızıl idxal edilib və bu, idxal üçün 1.54 mlrd. dollar əlavə yükdür.