Sertifikatlaşdırmadan keçmiş təhsilverənlərə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”ndə “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq elektron sənəd formasında yaradılan sertifikat veriləcək.
Bu, Nazirlər Kabinetinin “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda etdiyi dəyişiklikdə əksini tapıb.
Sertifikat sertifikatlaşdırmanın nəticələri elan olunduqdan sonra 5 (beş) iş günü
müddətində hazırlanacaq.
“Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” vasitəsilə əldə edilmiş sertifikatın kağız daşıyıcıda olan surətinin təsdiqi “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçiriləcək. Sertifikatın həqiqiliyi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yoxlanıla bilər.
Sertifikat Sertifikatlaşdırma Şurasının sədrinin elektron imzası ilə təsdiq ediləcək. Sertifikat təhsilverən üçün açılmış “Şəxsi kabinet”də yerləşdiriləcək.
Sertifikatda aşağıdakı məlumatlar əks olunmalıdır:
– sertifikatın nömrəsi və verildiyi tarix (altsistem tərəfindən verilir);
– təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi tarix;
– sertifikatın etibarlılıq müddəti (müddətin başa çatdığı tarix və ya 3-cü dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər üçün müddətsiz olduğu göstərilir);
– təhsilverənin identifikasiya məlumatları (soyadı, adı, atasının adı və doğum tarixi) və FİN kodu;
– təhsilverənin çalışdığı təhsil müəssisəsinin (tabeçiliyi göstərilməklə) adı;
– təhsilverənin tədris etdiyi ixtisasın (fənnin) adı;
– təhsilverənin sertifikatlaşdırmada iştirak etdiyi dil;
– təhsilverənin test və müsahibə mərhələlərində topladığı balı;
– sertifikatın təhsilverənə Azərbaycan Respublikasının dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil fənləri tədris edilən digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verdiyinə dair qeyd.
Sertifikatda bütün məlumatlar Azərbaycan dilində yazılır.