10 C
Baku
Thursday, December 26, 2024

Servitut: özgəsinin daşınmaz əmlakından məhdud istifadə necə həyata keçirilir?

Servitut-mülkiyyətçinin sahibi olduğu əmlakının başqasına müəyyən hərəkətləri yerinə yetirmək və ya etməmək şərti ilə verilməsini təsdiq edən sənəddir. Özgəsinin daşınmaz əmlakından məhdud istifadə hüququnun rəsmiləşdirilməsi və ya ləğv edilməsi elektron şəkildə də yerinə yetirilir.

Xidmətin həyata keçirilməsi üçün müşayiət məktubu, şəxsiyyəti təsdiq edən sənəd, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, notariat qaydasında təsdiq edilmiş servitut müqaviləsi, ərizə tələb olunur. Dövlət və bələdiyyə orqanının əsasnaməsinin və nizamnaməsinin rekvizitləri, hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi tələblər sırasındadır. 3 iş günü ərzində yerinə yetirilən xidmət üçün 30 manat dövlət rüsumu, mənzillər, fərdi yaşayış və bağ evləri, yaşayış evlərinin həyətyanı sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və çoxillik əkmələr üzrə 30 manat, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr, qurğular, kommunikasiyalar, digər təyinatlı torpaq sahələri, su obyektləri (su tutarları), meşələr və yerin təki sahələri üzə 120 manat olmaqla xidmət haqqı tələb olunur. Ödəniş bank, onlayn və terminallar vasitəsilə həyata keçirilir.

Servitutun dövlət qeydiyyatının ləğv edilməsi üçün müşayiət məktubu, xidmət haqqının və dövlət rüsumunun ödənilməsi barədə sənəd, o cümlədən şəxsiyyəti təsdiq edən sənəd, servitut müqaviləsi tərəfinin adından ərizənin verilməsi halında bu barədə səlahiyyəti təsdiq edən etibarnamə, məhkəmə qərarı əsas hesab olunur. Bunun üçün daşınmaz əmlaka dair çıxarış, servitutun aradan qalxmasına dair sənədlər, servituta xitam verilməsi barədə notarial qaydada təsdiq edilmiş razılaşma və digər sənədlər tələb olunur. Bu xidmət də 3 iş günü ərzində yerinə yetirilir və 30 manat dövlət rüsumu, mənzillər, fərdi yaşayış və bağ evləri, yaşayış evlərinin həyətyanı sahələri, kənd təsərrüfatı təyinatlı torpaq sahələri və çoxillik əkmələr üzrə 30 manat, çoxmənzilli yaşayış binaları, qeyri-yaşayış binaları (sahələri) və əmlak kompleksi kimi müəssisələr, qurğular, kommunikasiyalar, digər təyinatlı torpaq sahələri, su obyektləri (su tutarları), meşələr və yerin təki sahələri üzə 120 manat olmaqla xidmət haqqı tələb olunur. Ödəniş bank, onlayn və terminallar vasitəsilə həyata keçirilir.

Məlumat üçün bildirilməlidir ki, daşınmaz əmlakın servitutla yüklülüyü həmin əmlakın mülkiyyətçisini sahiblik, istifadə, sərəncam hüquqlarından məhrum etmir. Servitut alqı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz.

Bu əməliyyatları yerinə yetirmək üçün elektron qayda ilə yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin ərazi idarələrinə müraciət edə bilərlər. Xidmətlərdən istifadə etmək üçün “e-emlak.gov.az” saytına daxil olmaqla müvafiq bölməni seçmək olar.

 

Son xəbərlər
Digər xəbərlər