10 C
Baku
Wednesday, December 11, 2024

“Sevimli Dad” istehsalçısı sosiskasında mal ətinin olmadığını etiraf edib – Bəs içində nə olub?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəhayət kolbasa-sosiska bazarındakı şirkətlərin saxtakarlıqları ilə bağlı açıqlamalar verdi və həmin sırada ölkənin ön sırada olan brendləri var idi.

Banker.az xəbər verir ki, siyahıda  bazara “1000 bərəkət” brendi ilə kolbasa çıxaran “Səhliyalı” Firması və “Sevimli Dad”ı çıxaran “M&T” Ltd firmasının da adı var.

Öncədən bildirək ki, ölkə ərazisində fəaliyyət göstərən ticarət şəbəkələrindən kolbasa və sosiska məhsullarından nümunələr götürülərək, müayinə üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim olunub. Ayrıca AQTA-nın bu istiqamətdə başladığı addım təqdirəlayiqdir. Çünki illərdir ki, istehlakçılar bu məhsullarla bağlı şikayətlənirdilər.

“1000 bərəkət”in kolbasa və sosiskaları üstündə “mal əti” yazsılsa da, toyuq əti tapılmışdı. Sosiskasında isə mal əti aşkar edilmədiyi açıqlanıb.

“M&T” Ltd firmasının əla növ sosiskasının üzərində “mal əti və donuz” yazıldığı halda, mal əti olmayıb.

Ötən həftə bu xəbərlərə daha çevik reaksiya verən “Sevimli Dad” markasının sahibi “M&T” Ltd firması oldu. Belə ki, FED.az saytına “M&T” Ltd firması menecment sisteminin rəhbəri və laborotoriya müdiri Azadə Rzayeva “yanlış anlaşılma” olduğunu deyir.

Etiraf edib ki, sosiskanın üstündə “mal əti” olması yazılsa da, orada mal əti olmayıb, başqa heyvanın əti olub. “M&T” Ltd firmasının rəsmisi camış əti olduğunu bildirib.

Maraqlı tərəfi odur ki, Firma əməkdaşı sosiska üzərində “mal əti”nin yazılıb, içində olmamasını problem saymır. O, bu təhrifə belə izah gətirir:

“Markalanmada səhv olaraq “mal əti” yazılıb,  amma resepturamızda “mal və ya camış əti” olaraq gedir.  Problem bundadır. Əslində problem də sayılmaz, sadəcə məhsulun tərkibində mal və ya camış ətinin biri olmalıdır, fakt odur ki, tərkibində camış əti var”.

AQTA-nın press-relizindəki cədvəlində isə “camış ətinə” ümumiyyətlə toxunulmur və orada “yalnız donuz DNT-si  aşkar” olunduğu qeyd edilir.

Firma jurnalistin “Yoxlamanın nəticələrindən narazısınızmı?” sualına  “xeyr” cavab verib və əlavə edir ki, “araşdırmanın nəticələrinə görə biz Agentliyi qərəzlilikdə ittiham edə bilmərik. Monitorinqin səhv olduğu barədə iddiamız yoxdur”.

Etiraf edir ki, monitorinq zamanı markalanmadakı səhvə görə yalnız mal əti üzrə araşdırmalar aparılıb, eyni zamanda at, donuz və quş əti DNK-sı araşdırılıb.

CAMIŞ ƏTİ VARSA, ÜZƏRİNƏ MÜTLƏQ QEYD EDİLMƏLİ İDİ

Azad İstehlakçılar Birliyinin (AİB) sədri, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində (AQTA) İctimai Şuranın üzvü Eyyub Hüseynov saytların birinə bildirib ki, məhsulun tərkibinə qatılan maddələrin markalanma zamanı qeyd olunmaması istehlakçıların hüququnun pozulmasıdır.

Onun sözlərinə görə, yerli istehsalçılar mal əvəzinə camış ətindən istifadə edirlər. Buna görə də, AQTA yoxlamalar zamanı kolbasaların tərkibində mal əti müəyyən edə bilməyib.

“İstehsalçı şirkət kolbasanın üzərində camış əti olduğunu mütləq qeyd etməlidir. Camış əti ölkəmizə Hindistandan gətirilir. Xəstə olmayan yaşlı camış ətinin kiloqramı çox ucuz qiymətə – 3-4 manata başa gəlir və ondan da kolbasa sexləri istifadə edir. Təəssüflər olsun ki, istehsalçı şirkətlər məhsulun markalanması zamanı camış ətindən istifadə oldunduğunu qeyd etmirlər. Camış iribuynuzlu heyvanlara aiddir, buna görə də mal əti hesab oluna bilər. İstehlakçı hüquqlarının pozulmaması nöqteyi-nəzərindən məhsulun üzərinə “camış əti” yazılsa, doğru olar. Onda AQTA bunu ciddi nöqsan kimi qiymətləndirməzdi. Lakin birmənalı şəkildə əhalinin camış əti ilə bağlı informasiyası azdır. Qeyd edim ki, camış əti inək ətindən daha sağlamdır. Çünki camışın saxlanılmasında baytarlıq müdaxiləsi çox az olur. Adıçəkilən şirkətlər AQTA-nın tələbinə uyğun olaraq məhsulun etiketini dəyişdirib üzərinə camış ətindən istifadə olunduğunu qeyd etsinlər. Kiloqramı 2 manata olan, eyni zamanda xaricdən idxal olunan kolbasa məhsulları da ciddi yoxlanılmalıdır”.

Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov bildirib ki, camış ətinin kolbasaya əlavə olunması etiketdə göstərilməlidir, amma bunu etmirlər, standartlarda çox vaxt mal əti, dana əti göstərilir:

“Çünki dana əti keyfiyyət baxımından üstün hesab olunur. Bütün bunlar marketinq hiylələrindən biridir. AQTA tərkibində mal ətinə rast gəlinməyən kolbasa məhsullarının adını açıqladı. Şirkətin açıqlama verərək camış ətindən istifadə edildiyini bəyan etməsi şübhə doğurur. Kolbasada müəyyən yağ turşuları var, onun miqdarı çoxdursa, uzunqulaq ətindən istifadə olunması ehtimalı da çoxdur.

Camış əti xüsusiyyətlərinə görə mal ətinə çox yaxındır. Əgər məhsulda camış və mal əti də yoxdursa, şübhə yaranır ki, heyvan şümüyündən istifadə edilib. Çünki çox vaxt camış ətindən istifadə etmirlər, üyüdülmüş sümük və ya heyvanın çıxıntılarından, yararsız ətlərindən istifadə olunur.

Eyni zamanda tərkibinə rəngləndirici, dadlandırıcı, ömrünü uzatmaq üçün qoruyucu maddələr vururlar. Eyni zamanda, üzərinə nişasta əlavə olunduğu qeyd olunur, amma nə nişastası olduğu yazılmır. Maya dəyəri də ucuz başa gəldiyi üçün həmin kolbasa və sosiska məhsullarının qiyməti də çox ucuz olur. Həmin məhsulların kiloqramını 5-6 manata satılır. Halbuki o qiymətə yarım kilo ət almaq mümkün deyil. Güman ki, soyadan da istifadə olunur, amma çox vaxt bunu göstərmirlər. Ona görə də istehsalçı şirkətlər ətin növünü, hətta ədviyyatlara qədər bütün qatılan maddələri göstərməlidirlər”.

 

Son xəbərlər
Digər xəbərlər