Venesuela Böyük Britaniyanın neft-qaz şirkəti “Shell” ilə təbii qaz yataqlarının işlənməsi və neft hasilatının artırılması üzrə beş saziş imzalayıb. Bu barədə “Reuters” məlumat yayıb.
“Bu sazişlər neft və qaz ehtiyatlarının ixrac məqsədilə səmərəli istifadəsinə imkan verəcək tarixi addımdır və Venesuelaya böyük fayda gətirəcək”, – deyə ölkə prezidentinin səlahiyyətli nümayəndəsi Delsi Rodriges “Venezolana de Television” telekanalının efirində bildirib.
İmzalanmış sənədlərdən biri Lohran blokunda yatağın işlənməsi və istismarının ilk mərhələsinin başlanmasına dair sazişdir. Hasil olunacaq xammalın həm daxili bazarın tələbatının ödənilməsinə, həm də ixrac üçün istifadə olunması planlaşdırılır.
Bununla yanaşı, Orinoko neft kəməri zonasında yerləşən yataqlarda yüngül neft hasilatının artırılmasına dair sazişlər də bağlanıb.






