Si Cinpin Rusiya prezidenti Vladimir Putin ilə görüşdə Yaxın Şərqdə hərbi əməliyyatların tezliklə dayandırılmasına çağırıb. Si Cinpinin sözlərinə görə, regiondakı vəziyyət “müharibə ilə sülh arasında keçid nöqtəsindədir”.
“Yenidən müharibənin başlanması yolverilməzdir. Danışıqlar yoluna sadiq qalmaq xüsusilə vacibdir”, — deyə Si Cinpin Pekində Rusiya prezidenti ilə danışıqlar zamanı bildirib.
Çin lideri vurğulayıb ki, Yaxın Şərqdə münaqişənin dayandırılması logistika zəncirlərinin bərpasına imkan verəcək və beynəlxalq ticarətin sabitliyinə töhfə verəcək.
Rusiya prezidenti mayın 19-da Çinə səfər edib. Vladimir Putin və Si Cinpin danışıqlardan sonra görüşü geniş tərkibdə davam etdiriblər. Rusiya nümayəndə heyətinə daha 39 nəfər daxil olub. Onların arasında baş nazir müavinləri, nazirlər, prezident administrasiyasının nümayəndələri və iri biznes təmsilçiləri yer alıblar.







