2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən ümumi dəyəri 459.9 milyon manat olan 3276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193.8 milyon manat güzəştli kredit verilib.
Bunu Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev ötən ilin yekunları ilə bağlı tədbirdə deyib.
O qeyd edib ki, bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilən kreditlərin 46.4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5.5%-i xidmət sahələri, 4.5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.
“Ötən il Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlara SİF tərəfindən güzəştli kreditlərin verilməsinə başlanılıb. Muxtar respublika ərazisində fəaliyyət göstərən 27 sahibkar ümumilikdə 2.2 milyon manat güzəştli kreditdən yararlanıb” – Osman Xaliyev əlavə edib.