Sığorta şirkətləri məkan üstündə dava edirlər

Bu gün sığorta növlərinin inkişafına çalışmaq lazımdır. Aqrar sektorda sığortaya ciddi ehtiyac var. Təəssüf ki, sığorta şirkətləri özlərini əziyyətə salıb, torpağa girmək istəmirlər. Bunu Banker.az saytına sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlı deyib.

Kənd təsərrüfatında istənilən riski qiymətləndirmək olar

Aqrar sektorda sığortalar iki növə bölünür. Maşın, mexanizm, traktorların qiymətləndirilməsi və  məhsul itkisi. Birinci halda, zərərin qiymətləndirilməsində problem yoxdur, amma məhsul itkisində ziyanın qiymətləndirilməsi üçün (bazar qiyməti, məhsuldarlığı, ziyanvurucu həşəratların vurduğu ziyanla bağlı) mütəxəssislər lazımdır. Məsələn, nə qədər məhsul olsaydı nə qədər qazanmaq olardı və s. Azərbaycanda sovet dövründən qalmış mütəxəssislərimiz var ki, onları az bir muzdla işə düzəltmək mümkündür. Bu imkan verəcək ki, istənilən kənd təsərrüfatı riskini qiymətləndirmək mümkün olsun. Mövcud vəziyyət göstərir ki, bu gün sığorta şirkətləri özlərini əziyyətə verib torpağa girmək istəmirlər.

Sığorta şirkətləri arasında yer üstündə dava gedir

Bu gün sığorta şirkətləri bankların və icbari sığortaların arxasıyca düşüblər. Sığorta şirkətləri “ Kim hansı bankla işləyir o biznesi ələ keçirək, hansı nöqtədən icbari sığorta yazdıra bilərik, hardan icbari sığortanı alaq, avtomobillərin texniki baxış məntəqələrində kim oturacaq, gömrüyü kim nəzarətdə saxlayacaq” bu istiqamətdə fokuslanıblar və aralarındaki rəqabətdə qeyd etdiyim məsələlər üstündədir. Bütün bunlar isə sığorta şirkətləri üçün rahat qazanc mənbəyidir.

Bir nəfər sığorta əməkdaşı gedib vətəndaşı sığorta barəsində maarifləndirmək istəmir

Bu gün sığorta şirkətinin əməkdaşı rayonlara gedib, məlumatsız vətəndaşı məsuliyyət, kənd təsərrüfatı heyvanlarının sığortası barəsində məlumatlandırmaq istəmirlər.