Azərbaycanda avtomobillərin icbari sığortası üzrə tətbiq ediləcək yeni qaydalarla bağlı sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq.
Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Azər Əliyev deyib. O bildirib ki, bununla bağlı İcbari Sığorta Bürosunun (İSB) nəzdində sığorta hadisələrinin idarəedilməsi və klirinq sistemi yaradılacaq. Bu sistemlər bir-birinə inteqrasiya edilərək fəaliyyət göstərəcək.
Azər Əliyevin sözlərinə görə, bununla bağlı İcbari Sığorta Bürosunun tərkibində işçi qrupu yaradılıb və bütün sığorta şirkətləri bu qrupda təmsil olunur: “Avtomobillərin icbari sığortası üzrə qeydə alınan sığorta hadisələri, hadisənin yeri, vaxtı, onunla bağlı edilən ödənişin həcmi və digər məlumatlar sığorta şirkətləri tərəfindən bu sistemə daxil ediləcək. Bu məlumatların necə istifadə ediləcəyi, klirinq sisteminə necə inteqrasiya ediləcəyi sığortaçılar arasında hazırda müzakirə predmetidir. Əlavə olaraq, İT sahəsində inteqrasiya gücləndirilməlidir ki, sığorta ödənişləri ilə bağlı proses operativ idarə edilə bilsin”.
Azər Əliyev qeyd edib ki, avtomobillərin icbari sığortası üzrə tətbiq ediləcək yeniliklərlə bağlı oktyabr ayının ortalarına kimi bütün məsələlər həll ediləcək və sığorta şirkətləri arasında kollektiv saziş imzalanacaq: “Kollektiv sazişin ilkin variantı artıq hazırdır və sığorta şirkətləri ilə razılaşdırılıb”.
Qeyd edək ki, bu saziş İSB ilə sığorta şirkətləri arasında avtomobillərin icbari sığorta hovuzunun idarə olunmasındakı münasibətləri tənzimləyəcək.