2 C
Baku
Saturday, December 14, 2024

“Sığorta şirkətləri banklara baxanda yaxşı vəziyyətdədir”

Müsahibimiz sığorta bazarı üzrə ekspert Xəyal Məmmədxanlıdır.

— Xəyal müəllim, sığorta bazarının hazırki vəziyyətini necə qiymətləndirirsiniz?

Sığorta bazarının hazırki durumunu bank sektoruna baxanda daha stabil qiymətləndirirəm. Bazarda ciddi artımlar olmasa da, azalmalar müşahidə olunmur. Lakin, bu heç də o demək deyildir ki, maliyyə sektorunun durğunluğu dövründə əhalinin sığortaya olan marağı artmışdır. Əhali yenə də sığorta bazarına şübhə ilə yanaşır – bu məsələdə müəyyən irəliləyişlər olsa da, ciddi bir dəyişiklik hələki müşahidə olunmur. Bazarı əsas ayaqda saxlayan faktor icbari sığortalar üzrə yığımlardır. Bu da özlüyündə digər problemlərə yol açır. Bildiyimiz kimi, şirkətlərin məhz bir mənbədən gəlir əldə etməsi, bir sığorta növünə istiqamətlənməsi sonradan ciddi problemlərə yol açır. Buna bariz nümunə kimi, banklardan asılı olan şirkətlərin ciddi çətinliklərlə üzləşməsini göstərmək olar. Hazırda sığorta şirkətlərinin ən böyük problemi könüllü sığorta bazarının inkişaf etdirilməməsidir. Halbuki, dünya təcrübəsində sığorta işinin özəyini məhz bu istiqamət tutur. Azərbaycan sığorta şirkətləri 5-6 ənənəvi sığorta məhsulu ilə işləyirlər, dünyada isə 100 ə yaxın sığorta məhsulları vardır ki,  bizim şirkətlər hələki onların tətbiqinə ciddi maraq göstərmirlər. Azərbaycanda tikinti sektorunu, kənd təsərrüfatı sektorunu, turizm sektorunu və digər geniş bazarları göstərmək olar ki, tamamilə sığortadan kənarda qalıblar.

— Sizcə qeyd etdiyiniz sahələrə sığorta şirkətlərinin meyl göstərməsi üçün dövlətin dəstəyi lazımdır ya problem başqadır?

Təbii ki, dövlət sığorta şirkətlərinə müəyyən dəstəyi və stimulu verməlidir, lakin, sığorta şirkətlərinin özlərinin də marağı olmalıdır. Mən hər dəfə zarafatla da olsa deyirəm ki, sığorta işçiləri çəkmə geyinib pambıq sahələrinə getməlidirlər, heyvandarlıqla bağlı tövləyə girib yerində bizneslə tanış olmalıdırlar, təhlillər aparmalıdırlar. Lakin, gördüyümüz odur ki, hazırda bəzi sığorta şirkətlərinin qazancları o qədər rahat başa gəlir ki, daha ciddi zəhmət və yanaşma tələb edən sahələrə maraqları demək olar ki, yox olur. Çünki, kənd təsərrüfatı kimi digər sığorta sahələri ciddi təhlillər, işçi potensialı , peşəkarlıq tələb edir. Mən çox istərdim ki, sığorta şirkətləri hansısa sığorta istiqaməti üzrə ixtisaslaşsınlar, bazara öz töhvələrini versinlər.

Sığorta bazarında son dövrlər müşahidə olunan ciddi problemlərdən biri də bazarın bir neçə şirkət əlində cəmlənməsidir. Hazırda sığorta şirkətlərinin ümumi portfelinin təxminən 80 % i top 10 şirkətin əlində cəmlənib. Yerdə qalan 20 % isə digər 15 şirkət arasında bölünüb ki,buda bazar  üçün ürəkaçan vəziyyət deyil. Düzdür müəyyən dövrlərdə kiçik sığorta şirkətlərinə birləşmək mesajları verilsə də, bank sektorundan da gördüyümüz kimi, yerli mentalitet birləşmək faktorunu istisna edir. Şirkət rəhbərləri şirkətin bağlanmasına razı olsalar da, birləşmək istəklərinin olmadığını elan edirdilər. Bu isə xırda şirkətlərin vəziyyətini günü-gündən çətinləşdirir və onlar böyük şirkətlərlə ayrılıqda rəqabət apara bilmirlər.

 

— Xəyal müəllim, sizin fikrinizcə sığortanın pərakəndə məhsullar istiqamətində inkişafı üçün ilk növbədə hansı addımlar atılmalıdır?

Qeyd etdiyiniz məsələ üzrə irəliləyişlər əldə etmək üçün bu məsələdə gərək bazarı aparan iri sığorta şirkətləri maraq göstərsinlər. İnsanların maarifləndirilməsi istiqamətində həm sığorta şirkətləri, həm də dövlət çiyin-çiyinə çalışmalıdır. Misal üçün Böyük Britaniyada işə götürənin məsuliyyət sığortası deyilən bir sığorta növü vardır ki, ilkin dövrlərdə bu icbari olsa da, sonradan könüllü sığortaya çevrilib. Lakin, buna baxmayaraq, insanlar bu məhsulu hələ də aktiv istifadə edirlər. Artıq onlarda o mədəniyyət formalaşıb. Azərbaycanda da insanların sığortaya yanaşma tərzlərində inqilab etmək lazımdır.

Əlavə olaraq, Azərbaycanda könüllü sığorta məhsulları lüks tələbatlar kateqoriyasına aid edilir. Halbuki, sığorta məhsullarının daha aşkar qiymətlərlə satışı, həmçinin qiymətlər haqqında daha şəffaf siyasətin olması əhalidə müəyyən irəliləyişlərlə müşahidə oluna bilərdi. Məsələnin digər tərəfi də var, sığorta şirkətləri vaxtında istehlakçılara sığorta şərtlərini aydın şəkildə izah etsəydilər, onların hüquq və vəzifələrini düzgün başa salsaydılar sonradan bu bazara olan inamın möhkəmlənməsinə xidmət edərdi. Çünki, hamımız müşahidə edirik ki,  evini və ya maşınını sığortalayan şəxs onun hər şeydən sığortalandığını düşünür, halbuki reallıqda bu belə deyildir.

— Bazara dövlət tərəfindən nəzarət mexanizmlərini necə qiymətləndirirsiniz?

Son dövrlər sığorta bazarı ilə bağlı qəbul edilən qərarları bəyənmirəm və onları kifayət qədər sərt qiymətləndirirəm. Çünki, müəyyən qərarların qəbulu və müzakirəsi prosesində çox sığorta şirkətləri iştirak etməyib və demək olar ki, bu qərarların bir çoxlarından məlumatsız olublar. Sonradan isə qərar qəbul edildikdən sonra onun bazarın tələblərinə tam uyğun olmadığı aydınlaşıb. Bu tip qərarların qəbulunda sığorta şirkətlərinin iştrak etməməsi, onların icrasında çətinliklər yaradır.

Belə misallardan biri kimi icbari tibbi sığortanı göstərmək olar. Bütün sığorta şirkətləri gözləyirdilər ki, bu bazarın formalaşmasında iştirak edəcəklər. Lakin, sonradan məlum oldu ki, onlar bu prosesdə yoxdurlar və bütün bu bazar agentlik tərəfindən idarə ediləcəkdir. Halbuki, bu işin aparılması üçün sığorta şirkətləri tam hazır idi və onlarda yetərincə statistik məlumat və peşəkar təcrübə var idi.

 

 

Son xəbərlər
Digər xəbərlər