Sığortaçılar bu il tibbi sığorta bazarında genişlənə bilmirlər

Azərbaycanda könüllü tibbi sığorta üzrə 2026-cı ilin yanvar–avqust aylarında 96,1 milyon manat sığorta haqqı toplanıb. Bu, ötən ilin eyni dövründəki 101,4 milyon manatla müqayisədə 5,3 milyon manat və ya 5,2% azdır.

Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, eyni dövrdə tibbi sığorta üzrə ödənişlər əksinə, 58,8 milyon manatdan 63,6 milyon manata yüksəlib. Beləliklə, ödənişlər illik müqayisədə 4,8 milyon manat və ya 8,1% artıb.

Tibbi sığorta könüllü şəxsi sığorta bazarının əsas hissəsini təşkil edir. Yanvar–avqustda şəxsi sığortalar üzrə 108 milyon manat sığorta haqqının təxminən 89%-i tibbi sığortanın payına düşüb. Şəxsi sığortalar üzrə 64,8 milyon manatlıq ödənişlərin isə 98,3%-i məhz tibbi sığorta üzrə həyata keçirilib.

Sığorta ödənişlərinin toplanmış haqlara nisbəti ilə hesablanan zərərlilik əmsalı 2026-cı ilin ilk səkkiz ayında tibbi sığortada 66,2% olub. Bu göstərici 2025-ci ilin eyni dövründə 58,1% idi. Beləliklə, bir ildə əmsal 8,1 faiz bəndi yüksəlib.

Göstərici faktiki olaraq 2024-cü ilin səviyyəsinə qayıdıb. 2024-cü ilin yanvar–avqustunda 93,6 milyon manat tibbi sığorta haqqına qarşı 62,1 milyon manat ödəniş edilmiş və ödəniş/yığım nisbəti 66,3% olmuşdu. 2025-ci ildə yığımların 8,3% artması və ödənişlərin 5,2% azalması zərərliliyi aşağı salsa da, 2026-cı ildə dinamika yenidən əks istiqamətə dəyişib.

Bu arada, könüllü tibbi sığortada yeni model gəlir.Ən mühüm dəyişiklik isə qarşıdakı iki ildə könüllü tibbi sığortanın icbari sistemlə münasibətinə dair yeni modelin yaradılmasıdır. Prezidentin 26 may 2026-cı ildə təsdiqlədiyi 2027–2030-cu illər üzrə Maliyyə İnklüzivliyinin Genişləndirilməsi Dövlət Proqramında ayrıca “tamamlayıcı könüllü tibbi sığorta mexanizminin yaradılması” nəzərdə tutulub.

Proqrama əsasən, bu iş 2027–2028-ci illərdə həyata keçirilməlidir. İlk mərhələdə tamamlayıcı tibbi sığortanın inkişafına maneələrin müəyyənləşdirilməsi, daha sonra model üzrə konsepsiyanın hazırlanması və yekunda mexanizmin tətbiqinə başlanması nəzərdə tutulur. Əsas iştirakçılar sırasında Mərkəzi Bank, Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Sığortaçılar Assosiasiyası göstərilir.

Dövlət proqramında ümumilikdə könüllü sığorta növləri üzrə əsas şərtlərin müəyyənləşdirilməsi və təsdiqi, nəticədə könüllü sığorta yığımlarının illik 10% artırılması hədəfi də qoyulub. Bu baxımdan hazırda yığımları azalan tibbi sığorta bazarı 2027-ci ildən etibarən ayrıca tənzimləmə və inkişaf modelinin tətbiq ediləcəyi əsas könüllü sığorta istiqamətlərindən biri olacaq.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər