Sığortaçının rəhbər işçilərinin təyin edilməsi qaydası dəyişir.
Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirəyə çıxarılan “Sığorta fəaliyyəti haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Sığortaçı Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri vəzifəsinə nəzərdə tutulan bütün təyinatlar və dəyişikliklər barəsində Mərkəzi Banka yazılı bildiriş göndərir.
Bildirişə rəhbər işçinin bu Qanunda müəyyən edilmiş tələblərə cavab verməsini təsdiqləyən məlumatlar və sənədlər, bu Qanunda nəzərdə tutulan sənəd və məlumatlar, o cümlədən təhsili və iş təcrübəsi barədə müvafiq sənədlərin notariat qaydasında və ya “İnzibati icraat haqqında” qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş surətləri əlavə olunur. Mərkəzi Bank 30 təqvim günü müddətində bildirişə baxır və təqdim edilmiş sənədlərdə səhvlər və ya çatışmazlıqlar olmadıqda həmin müddət ərzində namizədləri müsahibəyə dəvət edir. Bu təyinatlara dair Mərkəzi Bankın müsbət rəyi alındıqdan sonra həmin namizədlər öz vəzifələrinin icrasına başlayırlar. Müsahibənin keçirilməsi qaydası Mərkəzi Bank tərəfindən müəyyən edilir. Sənədlərdə səhvlər və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə sığortaçıya sənədlərin təqdim edildiyi gündən 15 təqvim günü müddətində məlumat verilir və ona bu səhvləri və ya çatışmazlıqları aradan qaldırmaq təklif edilir. Bu halda bildirişə baxılma müddəti həmin səhvlər və ya çatışmazlıqların aradan qaldırıldığı vaxtdan hesablanır. Mərkəzi Bank bildirişə baxılma müddəti ərzində namizədləri müsahibəyə dəvət etmədikdə onların namizədliyinə müsbət baxılmış hesab olunur.
Sığortaçının Direktorlar Şurası və İdarə Heyətinin sədri və üzvləri istisna olmaqla, rəhbər işçi vəzifəsinə digər təyinat və dəyişikliklər barədə müvafiq qərarın qəbul edildiyi tarixdən 7 iş günü müddətində sığortaçı tərəfindən Mərkəzi Banka yazılı bildiriş təqdim edilir və bildirişə bu Qanunda nəzərdə tutulan sənədlər və məlumatlar əlavə olunur.
Bu Qanunda nəzərdə tutulan sənədlər və məlumatlar Mərkəzi Banka təqdim edilmiş olduğu halda və həmin sənədlərdə və məlumatlarda dəyişiklik olmadıqda onların yenidən təqdim edilməsi tələb edilmir, bu şərtlə ki, Mərkəzi Banka bu barədə yazılı məlumat verilsin.
Aşağıdakı hallarda Mərkəzi Bank sığortaçıya müvafiq rəhbər işçinin vəzifədən azad edilməsi ilə bağlı təqdimat verir:
– bu Qanunda nəzərdə tutulmuş şəxslərin vəzifəyə təyin edilməsi ilə bağlı təqdim edilmiş sənəd və məlumatların yanlış olması sonradan aşkar edildikdə;
– rəhbər işçi sığorta qanunvericiliyi ilə bağlı yol verdiyi hüquq pozuntularına görə son 1 il ərzində üç dəfə və ya daha çox inzibati məsuliyyətə cəlb edildikdə;
– rəhbər işçinin bu Qanunla müəyyən edilmiş tələblərə cavab vermədiyi müəyyən edildikdə.
Sığortaçı məsul aktuarisi ilə bağladığı əmək müqaviləsinə yalnız Mərkəzi Banka əsaslandırılmış müraciət etməklə, Mərkəzi Bankın razılığı əsasında xitam verə bilər.