Azərbaycanda ABŞ dollarında olan əmanətlərin orta faizləri banklar tərəfindən yüksəldikcə onların qorunma üçün müəyyən olunan tavan faiz dərəcəsinin artırılmasına baxıla bilər, lakin bunun artırılmaması üçün də əsas var. Banker.az xəbər verir ki, bunu “Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri Fərid Hüseynov dünən keçirilən mətbuat konfransında deyib.
Bir neçə müddətdir ki, Azərbaycanda fiziki şəxslərin əmanətlərinin qorunması üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən milli valyutada 100 min manat ekvivalent qədər hissəsi üçün maksimal illik 12% tavan müəyyən edildiyi halda, bu, xarici valyuta üçün 2.5%-dir. Həmin həddi keçdiyi halda, bu depozitlər sığortalanma kimi imkandan məhrumdur. Bu rəqəm Mərkəzi Bankın yumşaq siyasət dövründə qəbul edilsə də, aşağı və ya yuxarı hər hansı dəyişmə baş verməyib.
“Kapital Bank ABŞ dollarında buraxdığı istiqrazlar üzrə 7%-lik gəlirlilik təklif etdiyi halda, niyə eyni dərəcə ilə müddətli depozit qəbul etmir” sualına bank rəhbərliyi fərqli cavablar verdilər.
“Depozitlər ilə subordinasiya borcu fərqlidir. Fiziki şəxslərin banka qoyduğu depozitlər banka qoyulur və istənilən an çıxarıla bilir. Bu depozitlərin müddətləri nisbətən qısa olur. Düzdür 18 aylıq və üzərində olan müddəti əhatə edən depozitlərdə 10 faizlik vergi rüsumundan azad edildiyi üçün artım var. Yenə də bu, 18 ayı əhatə edir. Amma subordinasiya borcu daha uzunmüddətli və stabildir. Subardinasiya borcunu (istiqrazı nəzərdə tutur) müştəri istənilən vaxt bazarda çıxardıb sata da bilir”, – deyə İdarə Heyətinin sədri Fərid Hüseynov deyir.
Sığortalanan əmanətlərin faizlərinə gəldikdə isə (tavan faiz- 2.5%) bank sədri “ortalama faiz artdıqca bu məsələyə baxıla bilər” deyir.
Söhbətə qoşulan bankın İdarə Heyətinin digər üzvü Cavid Mirzəyev isə (həm də Baş risk inzibatçısıdır) “bunun Mərkəzi Bank və Əmanətlərin Sığortalanması Fondunun birgə siyasəti olduğunu” bildirir.
“Dollarda faiz dərəcələrinin artması dollarizasiya və dollar kreditlərinin artmasına gətirib çıxarır. Dollarizasiya da riskli və marağımızda olmayan istiqamətdir. Bu da səbəb kimi qeyd edilə bilər”, -deyə Cavid Mirzəyev əlavə edir.