“Silk Way West Aviaşirkəti” MMC xalis mənfəəti 2023-cü ildə 82,1 milyon manat olduğu halda, 2024-cü ildə 245,1 milyon manata çatıb.
Banker.az bunu şirkətin audit hesabatına istinadən xəbər verir.
Artım 163 milyon manat və ya 198 faiz təşkil edib. Bölüşdürülməmiş mənfəət də mühüm yüksəliş göstərib. Belə ki, 2023-cü ilin sonunda 988,1 milyon manat olan bu göstərici 2024-cü ilin sonunda 1 milyard 304,7 milyon manata yüksəlib. Bu isə 316,6 milyon manat və ya 32 faiz artıma bərabərdir.
Şirkətin ümumi gəlirləri də əhəmiyyətli artım nümayiş etdirib. 2023-cü ildə 1 milyard 930,6 milyon manat olan gəlir 2024-cü ildə 2 milyard 368,1 milyon manata çatıb. Beləliklə, gəlirlərdə 437,5 milyon manat və ya 23 faiz artım qeydə alınıb.
Aktivlərin həcmi də yüksəlib. 2023-cü ilin sonunda 3 milyard 40,5 milyon manat təşkil edən ümumi aktivlər 2024-cü ilin sonunda 3 milyard 318,8 milyon manata çatıb. İllik artım 9 faiz olub.