“Nord Stream AG” şirkəti Baltik dənizində “Şimal axını – 1” və “Şimal axını – 2” kəmərlərinin zədələnmiş hissələrinin təmiri və qaz təchizatının bərpası xərclərinin qiymətləndirilməsinə başlayıb.
Bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşrin bildirdiyinə görə, hesablamalardan birinə əsasən, təmir üçün azı 500 milyon dollar lazım ola bilər. Qəzet, həmçinin iddia edir ki, Rusiyada işləyən məsləhətçilər zədələnmiş boruların duzlu suyun təsirinə nə qədər davam gətirə biləcəyini müəyyən etməyə çalışırlar.
Bununla əlaqədar, nəşr kinayəli sual verir ki, Rusiya heç bir sübut olmadan bəzi Qərb ölkələrini qaz kəmərlərində təxribat törətməkdə təqsirli bilirsə, nə üçün bu bahalı işlərə başlamaq niyyətindədir? Qəzet qeyd edir ki, qaz kəmərlərinin Avropanın özündə də kifayət qədər xeyli əleyhdarı var idi və enerji infrastrukturunun belə mühüm obyektinə təxribatı müharibə aktı kimi qiymətləndirmək olar.