Sinqapur İran ətrafındakı münaqişə səbəbindən qaz tariflərini kəskin artırır

Sinqapur hakimiyyəti Yaxın Şərqdəki münaqişənin təsirləri səbəbindən iyul-sentyabr aylarında ev təsərrüfatları üçün elektrik enerjisi və qaz tariflərinin əhəmiyyətli dərəcədə artırılacağını elan edib. Bu barədə “The Straits Times” məlumat yayıb.

İyulun 1-dən etibarən elektrik enerjisi tarifləri 17%, şəhər qazının tarifləri isə 7,1% artacaq. Sinqapurun Ticarət və Sənaye Nazirliyi yanında fəaliyyət göstərən Enerji Bazarı İdarəsi (EMA) qəzetə bildirib ki, tariflər ölkə tarixində ən yüksək səviyyəyə çatacaq.

Tənzimləyici qurumun izahına görə, artım Sinqapurun enerji daşıyıcılarının idxalından yüksək asılılığı ilə bağlıdır.

“İdxal olunan təbii qaz elektrik enerjisi istehsalının 95%-ni təşkil edir və şəhər qazının istehsalı üçün əsas xammaldır. Təbii qazın qiymətləri fevralın sonundan etibarən kəskin yüksəlib və Yaxın Şərqdəki münaqişə səbəbindən aprel-iyun aylarında yüksək səviyyədə qalıb. Təbii qazın bahalaşması Sinqapurda elektrik enerjisi və şəhər qazının istehsal xərclərinin artmasına səbəb olacaq”, – deyə məlumatda bildirilir.

EMA qeyd edib ki, tariflərin həcmi hər rüb əvvəlki rübün ilk 2,5 ayındakı qaz qiymətləri əsasında müəyyən edilir. Üçüncü rüb üçün hesablamalarda aprel ayından iyunun ortalarınadək olan göstəricilər nəzərə alınır.

“Yaxın Şərqdə vəziyyət qeyri-müəyyən olaraq qalır. Əgər vəziyyət yaxşılaşarsa, bu, yanacaq qiymətlərinin və öz növbəsində 2026-cı ilin dördüncü rübündə elektrik enerjisi və şəhər qazı tariflərinin aşağı düşməsinə səbəb ola bilər”, – deyə EMA bildirib.

Nəşrin məlumatına görə, elektrik enerjisinin qiymətləri 2008-ci ilin dördüncü rübündə qeydə alınmış əvvəlki rekord göstəricini üstələyəcək. Qaz tarifi isə 2024-cü ilin üçüncü rübündə müəyyən edilmiş rekord səviyyəni yeniləyəcək.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər