15 C
Baku
Saturday, April 27, 2024

Sinqapurda magistr oxuyub qayıtdı, tanışlarına 5 milyon “atdı”

Azərbaycanda keçmiş bank əməkdaşı tanışlarının etibarından sui-istifadə edərək 5 milyon manatdan çox pulu mənimsəməkdə ittiham olunur.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işi üzrə təqsirləndirlən Orxan Ağayev 20-dən çox şəxsə iş qurmaq adı ilə yüksək qazanc vəd edib. Daha sonra isə onların pullarını mənimsəyib.

O, özünü qurbanlarına turizm sektorunda yaxşı əlaqələri olan, bu sahədə geniş təcrübə və imkanlara malik şəxs kimi təqdim edib. Əməllərini törədərkən Dövlət Təhlükəsizliyi Xidmətinin adından da istifadə edib. Belə ki, O.Ağayev zərərçəkmişlərə Bakı aeroportunda Hacı adlı dostunun DTX əməkdaşı kimi işlədiyini və onun vasitəsilə iş görəcəyini deyib. O, AZAL-ın beynəlxalq uçuşlar üçün nəzərdə tutulmuş təyyarə biletlərini ucuz qiymətə alıb, baha qiymətə satacaqlarını bildirib. Həmçinin tanışlarını səyahətlərin təşkili, turistlər üçün mehmanxanalarda yerlərin sifarişi, ekskursiyaların satışını həyata keçirərək bu işdən yaxşı qazanc əldə edəcəklərinə inandırıb və onlardan müxtəlif məbləğlərdə pul alıb. Orxan Ağayev zərərçəkmişlərdən aldığı məbləğlərin bir hissəsini ilk aylarda guya qazanc kimi geri qaytarıb. Sonra isə “pul bankdadır, çıxarmaq olmur” kimi bəhanələrlə onların pullarını qaytarmaqdan yayınıb.

İttihama əsasən, O.Ağayevin mənimsədiyi pulların ümumi məbləği 5 156 419 manat olub. Onun ziyan vurduğu şəxslər sırasında sahibkarlar və dövlət qurumlarının vəzifəli şəxsləri də olub. Vətəndaşların şikayətləri əsasında DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılan Orxan Ağayev barəsində Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda ziyan vurmaq) maddəsi ilə cinayət işi başlanıb.

İstintaq zamanı məlum olub ki, Orxan Ağayev İqtisad Universitetində təhsil alıb, Sinqapurda maliyyə üzrə magistr təhsilini davam etdirib. Azərbaycana qayıtdıqdan sonra “Ваnk Standart”da və “Kapital Bank”da işləyib. 2017-ci ildə vəzifə saxtakarlığı və dələduzluq ittihamı məsuliyyətə cəlb edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilsə də, onun cəzası 1 il 6 ay sınaq müddəti olmaqla şərti cəza ilə əvəz edilib.

Orxan Ağayev istintaqa ilk ifadəsində özünü qismən təqsirli bilib: “Kapital Bank”da işlədiyim vaxt turizm sahəsində işlər görməyə başladım. Dost-tanışıma təyyarə bileti alırdım. Sinqapurda təhsil alarkən orada Sergey İvanov adlı şəxslə tanış olmuşdum. Münasibətlərimiz dostluq səviyyəsinə qalxdı. Sergeyin Sinqapurda turizm şirkəti var idi. Mən ona qazanc müqabilində 5 min dollar göndərdim, o da mənə danışdığımız kimi qazanc verməyə başladı. Daha sonra qohum və tanışlarımdan pul alıb eyni qaydada Sergeyə göndərib həm özüm qazanmaq, həm də tanışlarıma qazanc vermək qərarına gəldim”.

Orxan Ağayevin sözlərinə görə, 2016-2019-cu illərdə pul aldığı adamlara məbləğin bir hissəsini qazanc kimi qaytarıb. O, pulları vaxtı-vaxtında ödəsə də, 2019-cu ilin yayında Sergeyin işlərində problem yarandığı üçün həmin şəxslərin pullarını qaytara bilməyib: “Buna görə də onlarla aramızda mübahisələr yarandı, pul aldığım şəxslər mənə inanmadığı üçün şikayətçi oldular. Mən onların heç birinə Sergeylə iş gördüyümü deməmişdim. Onlar sadəcə turizm işi gördüyümü və yatırım müqabilində qazanc verdiyimi bilirdilər. Bir sözlə, pul verən şəxslərə konkret olaraq bu işi hansı qaydada gördüyüm maraqlı deyildi, onları maraqlandıran ancaq təklif etdiyim pulun faizi idi.

Mən pul aldığım şəxslərə dostum Hacının DTX-də işlədiyini deməmişəm. O sadəcə “AZAL”ın nümayəndəsi idi və bir neçə dəfə təyyarə biletləri və baqajların öncədən ucuz qiymətə alınmasında mənə köməklik edib”.

Orxan Ağayev istintaqda təkrar dindirilmədə özünü təqsirli bilməyib. O, zərəçəkmişlərdən aldığı pulların böyük əksəriyyətini qaytardığını deyib.

Zərərçəkmişlərdən Sənan Mehibov Bakı Baş Gömrük İdarəsinin inspektoru olub. Ona qarşı edilən dələduzluğun miqdarı 20 min manata yaxındır. Digər zərərçəkən Hüseyn Ağayev Dövlət Neft Şirkətində aparıcı mühasib işləyir. Ona qarşı edilən dələduzluğun dəyəri 3366 manatdır.

İş üzrə zərərçəkmişlərdən biri də Orxanın öz bibisioğlu Cavid Əkbərdir. C.Əkbər bildirib ki, Orxan onun 266 min manatını mənimsəyib: “2000-ci ilədək dayım Fəxrəddin Ağayevin yanında yanacaqdoldurma məntəqələrində müavin kimi işləmişəm. 2011-2012-ci illərdə dayım iş qurmaq adı ilə məndən borc pullar alıb qaytarmamışdı. Bundan sonra dayımla münasibətlərim soyumuşdu. Amma dayım oğlanları Orxan və Kamranla münasibətlərim qalırdı. Orxan müxtəlif turizm şirkətlərlə işlədiyini, onlar üçün müştərilər tapdığını və faizləri almaqla məşğul olub pul qazandığını deyirdi. 2016-cı ildə Orxan mənə yaxşı bir iş qurmaq üçün əlinə fürsət düşdüyünü, Hacı adlı dostunun DTX-nin hava limanındakı şöbəsində kurator olduğunu dedi. Hacının nüfuzundan istifadə edərək satışda olan təyyarə biletlərini və baqajları əvvəlcədən ucuz qiymətə alıb baha satacağını bildirdi. Mən də razılaşdım, biletlər satıldıqca qazanc götürəcəkdik”.

Qeyd edək ki, Cavid Əkbərdən sonra yeznəsi və xalasının həyat yoldaşı da Orxanın dələduzluq əməllərinin qurbanı olub. Orxan eyni əməli onlara qarşı da törədib. Cavid dayısıoğluna verdiyi 202 min dollardan yalnız 45 min dollarını geri aldığını deyir: “Pulun aqibəti ilə bağlı Hacı adlı şəxsi tapdım. Öyrəndim ki, Hacının Orxanla və bu işlə bağlılığı yoxdur. O, heç bir bilet alınmasını təşkil etmir”.

İş üzrə ən çox zərərçəkmiş şəxslərdən biri Rauf Rəhimov qardaşı Kamran Ağayev vasitəsilə Orxan Ağayevi tanıdığını deyib. Rauf Rəhimov Orxanın qardaşı ilə keçmiş iş yoldaşı olduğunu bildirib: “Mən aptek işlədirdim. 2017-ci ildə Kamran qardaşı Orxanın təyyarə biletlərinin alınıb-satılması işindən yaxşı anlayışı olduğunu, lakin əlində maliyyə olmadığı üçün həmin işi qura bilmədiyini dedi. Mənə bu işə pul yatırmağı təklif etdi. Orxanla görüşəndə turizm sahəsində geniş imkanlara malik olduğunu, əlində yaxşı müştərilər olduğunu dedi. O, qoyulan pula görə ayda 10-20 faiz qazanc əldə ediləcəyini bildirdi. Mən də ona inanıb pulu verdim. Orxanla birlikdə şəhərdə ofis açıb, turizm işi ilə məşğul olduq. Məni şirkətin depozit hesabına böyük miqdarda pul qoymaq lazım olduğuna inandırdı”.

Daha sonra Orxan Ağayev Çindən və Avropdan Azərbaycana vəzifəli şəxslərin səfərini təşkil etmək, Dubayda keçiriləcək festivallara turlar təşkil etmək və s. kimi bəhanələrlə Rauf Rəhimovdan külli miqdarda pul vəsaitlərini alaraq yaxşı qazanc əldə edəcəklərini bildirib: “Bankda işləyən tanışlarımdan maraqlananda gördüm ki, Orxanın dediyi kimi bank hesabında qazanc köçürülməsi məsələsi yalandır. Bundan sonra Orxan Ağayevin əslində heç bir iş görmədiyini, sadəcə olaraq iş görüntüsü yaradaraq maliyyə piramidası qurub pulumu ələ keçirdiyini başa düşdüm. Öyrəndim ki, ələ keçirdiyi pulların az qismini qazanc adı ilə verərək insanları şirnikləndirir. Orxan Ağayev 2017-2019-cu illərdə məndən ümumilikdə 1 milyon 279 min 770 dollar pul alıb, pulun 500 min dollarını qazanc adı ilə qaytarıb”.

İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Taleh Hüseynəliyev də ən çox zərərçəkmiş şəxslərdəndir. Onun ümumi zərəri 1,3 milyon manatdan çoxdur: “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığındakı mənzilimi satıb Orxana 30 min dollar verdim. “Babək Plaza”da ofis götürüb işə başladıq. İlk ay mənə ofisdə 1800 dollar qazanc verdi. Daha sonra mən də ona əlavə pullar verməyə başladım. Dekabrda yeni illə əlaqədar bahalı otelərdən otaq sifariş edib bron eləmək lazım olduğunu, daha sonra ölkəyə gələn turistlərə baha qiymətə satacağını bildirdi. Bu işləri Bakı aeroportunda işləyən DTX əməkdaşı Hacı adlı dostu vasitəsi ilə gördüyünü deyirdi. “Milla” şirkətinin işçiləri üçün tur təşkil etdiyini deyirdi. Əvvəllər mənə mütəmadi qazanc kimi pullar versə də, sonradan pulları “Paşa İnvest” şirkətinə qazanclı investisiya kimi yatırdığını dedi. Sonra isə pulları bankdan çıxara bilmədiyini bildirdi. Mən şübhələnib Hacı ilə danışdım. Məlum oldu ki, Hacı aeroportda mühafizəçi işləyib və 2014-cü ildə işdən çıxıb. Orxanın əməllərindən isə ümumiyyətlə xəbəri yoxdur”.

İş üzrə şahid qismində dindirilmiş İbrahimli Hacı Hikmət oğlu ifadəsində göstərib ki, Orxan Ağayevi 1998-ci ildən tanıyır: “Tələbə vaxtı əmimgildə yaşayardım, Orxan da qonşu idi və beləcə dostluq münasibətlərimiz yaranmışdı. 2006-ci ildən Bakı Beynalxalq Hava Limanında qeydiyyatçı kimi işə başladım. Həmin dövrdə bir neçə dəfə Orxan öz qohumlarının təyyarələrdə ön sıralarda uçmasını xahiş etmiş, mən də ona kömək etmişdim. Qeydiyyatçı kimi mənim ucuz qiymətə təyyarə bileti, baqajı almaq səlahiyyətim olmayıb və bununla bağlı Orxana da heç nə deməmişəm. 2014-cü ildə öz xahişimlə işdən çıxdım, 2019-cu ilin sonlarında Taleh Hüseynəliyev mənə zəng edib Orxan Ağayevin turizm sahəsində iş görmək adı ilə ondan külli miqdarda pullar aldığını və mənim adımı bu işdə hallandırdığını bildirdi. Orxan məni ona DTX əməkdaşı kimi təqdim edibmiş. Məsələ ilə bağlı Orxanla əlaqə saxlamaq istəsəm də, alınmadı. Sonra Orxanın bibisi oğlu Cavidə zəng etdim. Cavidlə danışarkən bildim ki, Orxan eyni qaydada Cavidi və onun yeznəsini də aldadıb. Hətta mənim ad günümdə onlardan mənə hədiyyələr almaq adı ilə əlavə pullar alıb. Daha sonra Orxanla danışdım. Ondan niyə adımı hallandırdığını soruşanda müxtəlif bəhanələrlə adını çəkdiyi Hacının başqa Hacı olduğunu bildirdi. Amma mən hava limanında işləyən tanışlarından maraqlananda orada Hacı adlı şəxsin işləmədiyini öyrəndim. Bundan sonra başa düşdüm ki, Orxan Ağayev mənim adımdan istifadə edib”.

Dövlət ittihamçısı ötən məhkəmə prosesində Orxan Ağayevin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər