Sinqapurda yerləşən “DBS Group”un baş direktoru Piyuş Qupta bildirib ki, onun şirkəti qarşıdakı üç il ərzində təxminən 4 min işçini ixtisar edəcək. “Bloomberg”in məlumatına görə, onları süni intellekt əvəz edəcək.
Cənub-Şərqi Asiyanın ən böyük bankının təxminən 41 000 nəfər işçi heyəti var. Daha 8-9 min nəfər isə ştatdan kənar və müvəqqəti işçilərdir. Bank təsdiqləyir ki, onları AI ilə əvəz etmək məqsədilə elan edilən ixtisarlar şirkətin tam ştatlı işçilərinə təsir etməyəcək.
Bundan əvvəl “Bloomberg Intelligence” analitikləri proqnoz yaymışdılar ki, dünya üzrə banklar yaxın 3-5 il ərzində insanları süni intellektlə əvəzləyərək 200 minə qədər iş yerini ixtisar edəcək. Bu, qlobal bank sektorunda çalışan insanların təxminən 3%-ni təşkil edir. Eyni zamanda, “BI” sorğusunda iştirak edən top-bank menecerlərinin dörddə biri hesab edir ki, yaxın illərdə işçi qüvvəsi daha çox – 5-10% azalacaq.