“Aparılan məlumatlandırma-təşviqat tədbirlərinə və yaradılmış bütün imkanlara baxmayaraq, ictimai iaşə, topdan və pərakəndə ticarət obyektləri, aksizli malların (tütün məmulatları) satışı ilə məşğul olan bəzi sahibkarlar fəaliyyətlərini yenə də qanun çərçivəsində qurmur və nağdsız hesablaşmalara keçmir, fəaliyyətlərini şəffaf qurmaq istəmirlər”.
Bunu Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktorunun müavini Şamil Ərəbov deyib. Onun sözlərinə görə, siqaretin satışında süni problemlər yaratmaq cəhdlərinin kökündə də məhz bu amillər dayanır: “Bank hesabı açmaq və ya kart almaqla bağlı heç bir problem olmasa da, bəzi “işbazlar” dövlətin büdcəsinə daxil olmalı vergilərdən yenə əvvəlki kimi yayınmaq üçün belə xırda sabotaj cəhdlərinə əl atırlar”.
Şamil Ərəbov bildirib ki, qanuna əsasən, həmin məhsulların pərakəndə satışı istisna olmaqla, alqı-satqısı yalnız nağdsız qaydada aparılmalıdır: “Pərakəndə satış mağazaları siqaret aldıqları topdansatış müəssisəsinin bank hesabına pul köçürməli, yaxud əməliyyatları bank kartları vasitəsilə həyata keçirməlidir. Qanunvericiliyin təkmilləşdirilməsinin əsas məqsədi aksizli malların satışı sahəsində şəffaflığa, ticarət obyektlərində uçot işinin düzgün təşkilinə nail olmaqdır. Bəzi pərakəndə satış obyektləri topdansatış şəbəkələrindən siqaret ala bilmədiklərini, firmaların kiçik sahibkarları siqaretlə təmin etmədiklərini iddia edirlər. Nəticədə isə mağazalarda siqaret qıtlığı yaranır. Malı topdansatış mərkəzindən eyni qiymətə alan sahibkar heç nə itirmir, sadəcə, onun nağdsız ödəmə vərdişi olmalıdır. Nağdsız ödəmələrin kütləviləşməsində isə sahibkarlarla yanaşı, qazanan dövlət və vətəndaşlar olacaq: büdcəyə əlavə vəsaitlərin daxil olması ölkə vətəndaşlarının mənafeyinə xidmət edir”.
Qeyd olunub ki, aksizli malların istehsalı və satışı sahəsində ciddi nizam-intizamın yaradılması, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi dövlət başçısının müvafiq orqanlar qarşısında qoyduğu əsas tapşırıqlardandır. Siqaretlə yanaşı, spirtli içkilərin istehsalı, idxalı və satışının qanun çərçivəsində təşkili, bu sahədə uçot və qeydiyyat sisteminin düzgün qurulması, şəffaflığın təmin edilməsi müvafiq qurumlar qarşısında əsas tapşırıqlardan biri kimi qarşıya qoyulub.
Qeyd edək ki, tütün məmulatlarının nağdsız qaydada satışı 2016-cı ilin yanvarından nəzərdə tutulsa da, dövlət bu sahənin ticarəti ilə məşğul olanlara güzəşt edərək onlara 1 il müddət verdi. Bu, həmin malları satanların yeni qaydalara uyğunlaşmaq üçün hazırlıq müddəti idi.