15 C
Baku
Friday, March 29, 2024

Şirkət rəhbəri: Satınalmaların 55,6%-nin bir mənbədən olması qəbuledilməzdir

“2018-ci ildə keçirilən bütün satınalmaların tərkibində rəqabətli satınalmaların sayı 82,1 faiz, əhatə etdiyi məbləğ isə 44,2 faiz olub. Bununla belə bir mənbədən satınalmaların əhatə dairəsi 55,6 faiz təşkil etməklə, hələ də yüksək olaraq qalır. Bir mənbədən satınalmaların 1/3-i ilin dördüncü rübündə tətbiq edilib.”

Bu barədə Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Onun sözlərinə görə, dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 min 923 sayda 5,8 milyard manat məbləğində satınalma tətbiq edilib. Bu, əvvəlki ilin göstəricisindən say və əhatə olunan məbləğ baxımından müvafiq olaraq 22 faiz və 41,4 faiz çoxdur:

Dövlət vəsaitlərinin istifadəsi zamanı 2018-ci ildə 10 min 923 sayda 5,8 milyard manat məbləğində satınalma tətbiq edilib.

“Bu məbləğ dövlət büdcə xərclərinin 25,5 faizini, ümumdaxili məhsulun isə 7,3 faizini təşkil edir. Bu, son illər üçün Azərbaycanda ən böyük göstəricilər olsa da, beynəlxalq təcrübədə rast gəlinən orta göstəricilərə nisbətən aşağıdır,” Report agentliyi Vüqar Gülməmmədova istinadən yazıb.

Hesablama Palatasının sədri bildirib ki, açıq tenderlə keçirilən dövlət satınalmalarının sayı əvvəlki ilə nisbətən 38,1 faiz, onların əhatə dairəsi isə 49,6 faiz artıb: “Ümumiyyətlə, müsabiqəli satınalmaların sayı 2017-ci ilin analoji göstəriciləri ilə müqayisədə 2018-ci ildə 17,5 faiz, əhatə dairəsi 42,8 faiz artıb.”

İsmayıl Ələkbərov Neuron Technologies şirkətinin rəhbəridir. Ələkbərov Amerikanın Səsinə müsahibəsində bildirib ki, ölkədə satınalmalarla bağlı çoxsaylı problemlər qalmaqdadır.

“Qanunun tələblərinə uyğun olaraq mükəmməl sübut olunmalıdır ki, hansı səbəbdən bir mənbədən müqavilə bağlanılır. Bir mənbədən müqavilə bağlamağın şərtləri var. Aydın olmalıdır ki, verilən qiymət şişirdilmiş deyil, bazadakı orta qiymətə uyğundur.”

O hesab edir ki, rəsmən satınalmaların 55,6 faizinin bir mənbədən alınması elan edilirsə, bu kifayət qədər həyəcan təbili vurulası bir rəqəmdir.

“Çünki büdcədən ayrılan vəsaitin böyük bir hissəsi dövlət satınalmalarına xərclənir. Dövlət satınalmalarının proseduru azad rəqabət şəraitində keçməlidir. Satınalmaların 55,6 faizininbir mənbədən alınması qəbuledilməzidr. Çünki dünyanı irəli aparan Avropadı, Amerikadı, yəni dünyanın inkişaf etmiş ölkələrində belə prosedurlar rəqabətdən keçir. Rəqabət olmayan yerdə inkişaf ola bilməz,” o qeyd edib.

Şirkət rəhbərinin fikrincə, 55,6 faiz satınalmaların müqavilərinin bir mənbə ilə bağlanması barədə daha artıq və daha statistik açıqlamalar verilməlidir.

Qanunun tələblərinə uyğun olaraq mükəmməl sübut olunmalıdır ki, hansı səbəbdən bir mənbədən müqavilə bağlanılır. Aydın olmalıdır ki, verilən qiymət şişirdilmiş deyil, bazadakı orta qiymətə uyğundur.

“Açıqlamada daha böyük məbləğli müqavilələrin hansı şirkətlərlə (yerli və ya xarici şirkətlə) bağlanması, bu şirkətlərlə müəyyən edilmiş qiymətlərlə bağlı bazar araşdırılmalarının aparılıb-aparılmaması, bazar qiymətləri ilə ekvivalent olub-olmaması barədə məlumat verilməlidir. Alınan malların keyfiyyəti araşdırılmalıdır. Bunların hamısı müstəqil ekspertlər tərəfindən qiymətləndirilməlidir.”

Ələkbərov rəhbərlik etdiyi şirkətin həm ölkə daxilində, həm də xaricdə işlədiyini bildirib.

“Bizim şirkət proqram təminatlı məhsulları, texnologiyalar üzərində məhsullar işləyib hazırlayıb ixrac edir. Mərkəzi Asiya və digər ölkələrdə hazırda davam edən layihələrimiz var. Bizim işlədiyimiz bir çox layihələr Dünya Bankı və digər maliyyə institutlarının tenderləridir ki, orada prosedurlar çox şəffafdır. Məsələn, Qırğızıstan elektron hökumətinin hesabalayıcı elementlərini mənim rəhbərlik etdiyim şirkət qurur. Bizim orada tenderdə rəqiblərimiz Almaniya, İtaliya, Rusiya, Qazaxıstan şirkətləri olub. Bizim şirkət bu şirkətlərdən səmərəli təkliflər verərək Mərkəzi Asiyada Dünya Bankının layihələrini icra edir.”

Neuron Technologies şirkəti Azərbaycanda da layihələr həyata keçirir.

“Amma, son illər tenderlər zamanı çoxsaylı qanun pozuntuları ilə rastalaşırıq. Biz buna susmuruq ictimailəşdirirk və şikayətlər veririk. Əfsuslar olsun ki, çox vaxt tenderdə qalib gəlməyimizə baxmayaraq dövlət qurumları daha səmərəsiz, daha az keyfiyyətli, daha bahalı qiymət təklif edən şirkətlərlə müqavilə bağlayırlar. Bir çox hallarda bizim şikayətimiz əsasında tender ləğv olunur, amma heç kim cəzalandırılmır,” o qeyd edib.

Son xəbərlər
Digər xəbərlər