Azərbaycanda hüquqi şəxslərin gəlir (mənfəət) vergisi üzrə dövlət büdcəsinə ödənişləri 2023-cü ildə azalıb.
Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, hüquqi şəxslər 2023-cü ildə büdcəyə 8 mlrd. 24.29 mln. manat mənfəət vergisi ödəyiblər ki, bu da 2022-ci ildən 6 faiz aşağı göstəricidir. 2022-ci ildə şirkətlər büdcəyə 8 mlrd. 522.5 mln. manatlıq ödəniş həyata keçirmişdilər.
Qeyd edək ki, bu mənfəətin yalnız 308.2 mln. manatı Azərbaycan bankları tərəfindən həyata keçirilib.
Fiziki şəxslər gəlir vergisindən 1 mlrd. 6590.64 mln. manat ödəməklə 2022-ci ili 13 faiz üstələyib.
Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.
AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.
Məsələn, müəssisənin hesabat ilində mühasibat mənfəəti 200 000 manat olub. Müəssisə mühasibat uçotunda avadanlıqlara düz xətt metodu ilə, vergi uçotunda isə azalan qalıq metodu ilə amotizasiya xərcləri hesablayır. Hesabat ilində amortizasiya xərcləri mühasibat uçotunda 87 500 manat, vergi uçotunda isə 70 000 manat olub. Fərq 17 500 manat təşkil edir. Beləliklə, mühasibat mənfəəti ilə vergi mənfəəti arasındakı fərq 17 500 manat olacaq. Vergi mənfəəti olacaq 217 500 manat, mənfəət vergisi isə 43 500 manat.