“Bank Avrasiya” 2022-ci ilin yanvar-iyun ayını 165 min manat xalis mənfəətlə başa vurub. Halbuki, ötən ilin eyni dövründə 3 milyon 928 min manat zərər etmişdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
Bu ilin 1-ci yarısında “Bank Avrasiya”nın cəmi gəlirləri 7 milyon 330 min manat ( əvvəlki ilə nisbətən 19% çox), cəmi xərcləri 3 milyon 985 min manat (əvvəlki ilə nisbətən 19% çox) olub.
İyul ayının 1-nə bankın cəmi aktivləri 182 milyon 688 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 9% artım deməkdir. Bunun 114 milyon 261 min manatı müştərilərə verilmiş kreditlərdir.
Hesabat dövründə “Bank Avrasiya”nın cəmi öhdəlikləri 16% artaraq 110 milyon 708 min manat, cəmi kapitalı isə 0.3% artaraq 71 milyon 980 min manat təşkil edib. Bankda fiziki şəxslərin depozitləri 43 milyon 656 min manatdan 56 milyon 369 min manata çatıb, hüquqi şəxslərin depozitləri (23.2% azalma) isə 6 milyon 412 min manatdan 4 milyon 926 min manata düşüb.