2022-ci ilin yanvar-aprel aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 10 mlrd. 691.5 mln. manat olub ki, bunun da 25.13%-ini hüquqi şəxslərin mənfəət (gəlir) vergisi təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Komitənin hesabatına görə, mənfəət vergisi üzrə daxilolmalar 2 mlrd. 687.29 mln. manat olub. Bu, ötən ilin müvafiq dövründəki göstəricini 80.7% üstələyir.
Məlumat üçün bildirək ki, şirkətlərin bütün gəlirləri ilə gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir. Mənfəət vergisi də bu mənfəətin müəyyən edilmiş faiz dərəcəsinə vurulması ilə müəyyən edilir. Hazırda mənfəət vergisi 20% olsa da bu şirkətlərin öncəki maliyyə durumlarına (məsələn yığılmış zərərə görə) fərqli hesablanır.
AR Vergi Məcəlləsinin 105-ci maddəsinə əsasən müəssisələrin mənfəətindən 20% dərəcəsi ilə vergi tutulur.