3 C
Baku
Saturday, December 14, 2024

“Siyahıyaalma üçün ayrılmış vəsait bu işə cəlb edilmiş şəxslərə ödənilib”

“Azərbaycanın bütün rayon və şəhərlərində yaradılmış əhalinin siyahıya alınmasına yardım komissiyalarından daxil olmuş məlumatlara görə, ölkəmizdə keçirilən növbəti siyahıyaalma əsasən başa çatıb”. 

Bu barədə  Dövlət Statistika Komitəsindən bildirilib. 

Məlumata görə, bu ilin sonuna qədər bütün ölkədə siyahıyaalmanın keyfiyyətinin yoxlanılması məqsədilə müvafiq tədbirlər görüləcək: “O cümlədən təlimatçı-nəzarətçilər sayıcılardan siyahıyaalma sənədlərinin qəbul edilməsi, onların yoxlanılması, siyahıyaalma məntəqələrinin müdirlərinə təhvil verilməsi, daha sonra isə həmin materialların Komitənin siyahıyaalma qrupuna təqdim edilməsi prosesini həyata keçirəcək. Yuxarıda qeyd olunan proseslər tam başa çatdıqdan sonra, 2020-ci ilin yanvar ayından etibarən həmin məlumatların Komitədə xüsusi yaradılmış elektron informasiya sisteminə daxil edilməsinə başlanılacaq”.

DSK siyahıyaalma ilə bağlı yayılan məlumatlara da münasibət bildirib: “Siyahıyaalmanın keyfiyyətinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanların aradan qaldırılması, eyni zamanda siyahıyaalma dövründə müxtəlif səbəblərdən siyahıyaalmadan kənarda qalmış şəxslərin də siyahıyaalmaya cəlb edilməsi məqsədilə bütün yerli statistika orqanlarında operativ qruplar yaradılıb ki, həmin qruplar tərəfindən ilin sonunadək hər bir müraciət üzrə müvafiq tədbirlərin görülməsi təmin ediləcək. Komitə siyahıyaalmadan kənarda qalmış şəxslərə bir daha müraciət edərək cari ilin oktyabr ayının 1-dən etibarən fəaliyyət göstərən “Qaynar xətt mərkəzi”nə (012) 510-07-89, 539-54-44, 539-80-44 nömrəli telefonlar vasitəsilə məlumat vermələrini xahiş edir”.

Komitədən bildirilib ki, siyahıyaalma üçün ayrılmış vəsait bank vasitəsilə bu işə cəlb edilmiş şəxslərə ödənilib: “Dövlət büdcəsində siyahıyaalma üçün nəzərdə tutulmuş vəsaitin 82%-i sayıcılar da daxil olmaqla 42 844 nəfər siyahıyaalma personalının əməyinin ödənişi üçün nəzərdə tutulub ki, həmin vəsait də “Kapital Bank” ASC ilə bağlanmış müqaviləyə əsasən onun yerli filialları tərəfindən plastik kartlar vasitəsilə bu şəxslərə ödəniləcək. Qalan vəsait isə ölkə əhalisinin sayına uyğun olaraq siyahıyaalma materiallarının nəşr edilməsinə, siyahıyaalma prosesi üçün çanta və dəftərxana ləvazimatlarının alınmasına və s. sərf edilib”.

Son xəbərlər
Digər xəbərlər