14 C
Baku
Thursday, March 28, 2024

Siyasi gərginlik Türkiyə-Niderland iqtisadi əlaqələrinə təsir edəcəkmi?

Niderland hökumətinin Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun və ailə və sosial siyasət naziri Fatma Betül Sayan Qayanın səfərinə icazə verməməsi ilə iki ölkə arasındakı siyasi münasibətlərdə yaşanan gərginliyin 400 illik tarixi olan iqtisadi əlaqələrə nə dərəcədə təsir edəcəyi hər kəsin diqqət mərkəzindədir.

Qeyd edək ki, hazırda Niderland Krallığı Türkiyə Cümhuriyyətinin mühüm ticarət tərəfdaşlarından biridir.

Türkiyə İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2016-cı ildə Niderlandla Türkiyə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard 604 milyon dollar təşkil edib. Türkiyə Niderlanda 3 milyard 589 milyon dollarlıq ixrac, bu ölkədən isə 3 milyard dollarlıq idxal həyata keçirib.

Cümhuriyyətdən Krallığa əsasən maşın və tekstil malları, Niderlanddan Türkiyəyə isə dəmir-polad tullantıları, neft məhsulları və traktorlar ixrac olunur.

Niderland Türkiyəyə ən çox sərmayə yatıran ölkələrdən biridir – 22 milyard dollar. Niderlandın Türkiyə iqtisadiyyatına yatırılan investisiyalardakı payı 15,8 faiz təşkil edir. Həmçinin, Türkiyədə Niderland kapitallı 2711 şirkət fəaliyyət göstərir.

Nazirliyin məlumatına əsasən, Krallıqda 23 min türk sahibkar çalışır. Türkiyə şirkətlərinin bu ölkədə aktivlərinin həcmi 9 milyard dolları keçib.

Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi hazırkı gərginliyin iqtisadi əlaqələrə təsir edib-etməyəcəyinə belə münasibət bildirib: “Hazırda o nöqtədə deyilik”.

Türkiyə Prezidentinin baş müşaviri Cəmil Erten isə qeyd edib ki, iki ölkə arasında artan gərginliyə görə Niderland şirkətləri Türkiyədən qorxmamalıdır.

Xatırladaq ki, hazırda Niderlandda 203 483 nəfər Türkiyə əsilli miqrant yaşayır.

Trend “Haber 7” qəzetinə istinadən məlumat yayıb

Son xəbərlər
Digər xəbərlər