Son 1 il ərzində avro qlobal valyuta qismində daha az istifadə olunmağa başlayıb. “Reuters” agentliyinə istinadən, bu barədə Avropa Mərkəzi Bankının İcraedici Şurasının üzvü Benua Kerin açıqlamasında deyilir.
B.Ker deyib ki, buna səbəb siyasi risklərin mövcudluğu və inkişaf etməkdə olan ölkələrin valyutalarının (məsələn, Çin yuanı) populyarlığıdır: “Avro qlobal valyuta olaraq mövqeyini itirməyə başlayıb. Buna baxmayaraq, avro beynəlxalq maliyyə sisteminin ikinci əhəmiyyətli valyutası olaraq qalır”.
Maraqlıdır ki, mərkəzi banklar avroda ehtiyatlarını artırmağa davam etməkdədir.
O ki qaldı Çinin milli valyutasının əhəmiyyətinin artmasına, Avropa Mərkəzi Bankı tərəfindən 500 mln. avro ekvivalentində yuan alması bunu bir daha isbat edir. B.Ker isə hesab edir ki, Avropa Mərkəzi Bankı tərəfindən yuana yatırılan investisiya davamlı ola bilər: “Hesab edirəm ki, yuana investisiya portfelin diversifikasiyası baxımından əhəmiyyətli rola malikdir. Biz ehtiyatlarımızın likvidliyinə və əlçatanlığına nail olmaq istəyirik. Yuana investisiya uğurlu olarsa, biz bu prosesi davam etdirəcəyik”.
B.Ker əlavə edib ki, 2016-cı ilin sonuna qlobal ehtiyatların 20%-i avroda saxlanılır və bu göstəricinin artmasına ümid var.
Qeyd edək ki, qlobal səviyyədə ən əhəmiyyətli valyuta dollar olaraq qalır. Belə ki, dünyada xarici borclarının, beynəlxalq ssudaların və ehtiyatların 2/3-si dolların payına düşür.