Sahibkarlığa Kömək Milli Fondu (SKMF) müvəkkil kredit təşkilatları vasitəsilə 2017-ci ilin I rübündə Azərbaycanda sahibkarlara 21 mln. 310,7 min manat məbləğində güzəştli kredit ayırıb. Bu barədə Fondun kreditləşmə sahəsində fəaliyyətinə dair dərc olunan hesabatında deyilir.
Xəbər verildiyi kimi, 2016-cı ilin yanvar-mart aylarında Fondun vəsaiti hesabına sahiblarların maliyyələşdirilməsi 39 mln. 710,5 min manat təşkil edib. Beləliklə, 2017-ci ilin birinci rübündə SKMF xətti ilə kreditləşmənin həcmi 46,3% azalıb.
Cari ilin birinci rübü ərzində Fondun vəsaiti hesabına 103 layihə maliyyələşdirilib (azalma 3,1 dəfə – İF-Az).
Bu layihələrin kreditləşdirilməsi 416 yeni iş yerinin yaradılmasına imkan verib (azalma 28,8% – İF-Az)
Hesabat dövründə sənaye məhsullarının istehsalı və emalı sahəsində 15 min manat məbləğində 1 layihə, ASK məhsullarının istehsalı sahəsində 21 mln. 295,7 min manat məbləğində 102 layihə maliyyələşdirilib.
Birinci rübdə 19 mln. 25 min manat məbləğində 4 xüsusi iri, 1 mln. 85,7 min manat məbləğində 96 kiçik, 1 mln. 200 min manat məbləğində 3 orta kredit verilib.
SKMF 1992-ci ildə yaradılıb. Sahibkarlara kreditlərin verilməsi 50-dən artıq bank və bank olmayan kredit təşkilatı vasitəsilə həyata keçirilir. 2016-cı ildə fondun xətti ilə sahibkarlara 190 mln. manat məbləğində güzəştli kredit verilib. 2017-ci ildə bu məbləğ 150 mln. manat təşkil edəcək.