Slovakiya Rusiyadan aldığı qazın pulunu Moskvanın təklif etdiyi sxem üzrə ödəyəcək. Belə ki, vəsait avro ilə “Qazprombank”dakı hesaba köçürüləcək, sonra bu vəsait rubla çevriləcək.
Bu barədə ölkənin iqtisadiyyat naziri Riçard Sulik bildirib.
“Slovakiya qazın pulunu “Qazprombank”dakı hesaba avro ilə ödəyəcək, o isə ödənişi rublla “Qazprom”a göndərəcək. Əməliyyatın ikinci hissəsi ilə heç bir əlaqəmiz olmayacaq. “Qazprombank”a avro ilə ödəniş etməyimiz bizim üçün vacibdir”, – deyə nazir vurğulayıb.
Sulik Rusiya qazının tədarükünün davam etməsi üçün hər şeyi edəcəyini vurğulayıb. O, həmçinin bildirib ki, Slovakiya öz qaz anbarlarını maksimum dərəcədə doldurmağa çalışır, çünki Rusiya qazının tədarükü tədricən artır.
Ölkənin istehlak etdiyi təbii qazın 85-87%-ni Rusiya verir. 2017-ci ildə Slovakiyanın “Eustream” şirkəti “Qazprom” ilə 2050-ci ilə qədər Rusiya qazının tədarükü üçün 5,3 milyard avroluq müqavilə imzalayıb.