Sloveniya Dövlət Assambleyası (parlament) Fələstini müstəqil dövlət kimi tanımaq qərarına gəlib. Səsvermədə 53 deputat iştirak edib, 52 deputat səs verib, qərarın əleyhinə səs verən olmayıb. Beləliklə, Sloveniya BMT-nin 147-ci, Aİ-nin isə Fələstini tanıyan 10-cu ölkəsi olub.
Sloveniya hökuməti mayın 30-da Fələstinin müstəqilliyini tanıyıb. Baş nazir Robert Qolobun sözlərinə görə, bu qərar İsrailin Qəzza zolağının Rəfah şəhərində keçirdiyi əməliyyatla bağlı qəbul edilib. İsrailin Baş naziri Benyamin Netanyahu bunu “terrorçuluğun mükafatı” adlandırıb.
Mayın 22-də üç Avropa ölkəsi – İrlandiya, İspaniya və Norveç Fələstini müstəqil dövlət kimi tanıyıb. Onlar qərarlarını Fələstin-İsrail münaqişəsinin həllinə töhfə vermək və Yaxın Şərqdə sülhün iki müstəqil dövlətin birgə yaşaması prinsipinə əsaslanmalı olduğunu xatırlatmaq istəyi ilə izah ediblər. İsrail buna cavab olaraq Dublin, Madrid və Oslodakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.