19 C
Baku
Thursday, May 2, 2024

Smartfon və elektron poçtlardan asılılıqdan necə azad olmaq olar?

Time Managment üzrə aparıcı amerikan mütəxəssisi Culi Morgensterndən məsləhətlər

Biz elə bir dövrdə yaşayırıq ki, insanlar bir neçə işi bir anda görməli, bir yığın sənəd və onlarla elektron məktub üzərində işləməli olur, nəticədə iş vaxtını düzgün planlaşdırmaq çətinləşir. Ilk baxışda siz çox iş görürsünüz, müəyyən mənada bu elə belədir. Lakin nəticə əldə olunubmu? Işinizi daha rasional və effektiv keçirin, günü ümumilikdə nəzərdən keçirmək üçün gün ərzində vaxt ayırın, strategiya üzərində işləyin, “brainstorm” həyata keçirin. Sizcə, bütün bunları edə bilərsinizmi?

“Əlbəttə, edə bilərsiniz!” – effektivliyin artırılması üzrə aparıcı mütəxəssis, beş bestsellerin müəllifi Culi Morqenstern bildirir. O, insanlara həm işdə, həm də şəxsi həyatda daha çox şeyi çatdırmağa və əslində nəyin həqiqətən vacib olduğunu müəyyən etməyə kömək edir.

Morqenstern elektron məktublardan xroniki asılılıq, çox tapşırıqlılıq epidemiyası haqqında danışdı və vaxtı düzgün təşkil etmək üçün bir neçə məsləhət verir.

– Çox tapşırıqlılıq effektivdir?

Elmi cəhətdən sübut olunub ki, beyin bir tapşırıqdan digərinə sürətlə keçə bilmir. Deməli, bir neçə işi bir anda görməyə çalışmaqla siz hədər yerə vaxtınızı itirirsiniz. Birincisi, artıq mövcud olan informasiyaya nisbətən yeni informasiyanı mənimsəmək üçün beyinə dörd dəfə daha çox vaxt lazım olur. İkincisi, isə səhv edəcəksiniz. Təsəvvür edin ki, bir an sizin diqqətiniz yayınır və təsadüfən “Reply All” düyməsinə basırsınız və məktub həmkarlarınız ilə müzakirə etmək istədiyiniz insanın elektron poçtuna gedir.

Bu gün hamı yaddaşsızlıqdan şikayətlənir: bu, çox tapşırıqlılıq epidemiyasının simptomlarıdır. Həmçinin insanlar daha əsəbi olur ki, bu da digər insanlarla münasibəti qaydaya salmağa mane olur.

– Niyə son illər insanlar daha diqqətsizdir?

Əsas səbəblərdən biri gündəlik həyatımızın ayrılmaz bir hissəsi olan smartfonlardır. Artıq elə bir yer yoxdur ki, sizi tapa bilməsinlər. Siz həmişə məşğul olduğunuzu hiss edirsiniz, daima nə isə edirsiniz – bu lap narkotik təsiri bağışlayır. Bu gün smartfonların köməyi ilə işləmək, əylənmək, kinoya baxmaq, informasiya axtarmaq, Pinterest-də fotoqrafiya kolleksiyasını doldurmaq kimi işlərin öhdəsindən gəlmək olar. Real həyatda deyil, ekranda görəcəyimiz tapşırıqların sayı eksponent üzrə artır. Mən təkcə elektron poçt deyil, ekranda edə biləcəyiniz bütün əməliyyatlar haqqında danışıram.

– Fikrini bir yerə cəmləşdirmək və yayındırmamaq nə üçün çox vacibdir?

Beyninizin hansısa bir deyil, bütün bölmələrinin işləməsi zəruridir. Bu, daha az səhv etməyə və məşğul olduğunuz işdən daha çox zövq almağa imkan verəcək. İnsan bilməlidir ki, hər şey onun nəzarəti altındadır və əldə etdiyi nailiyyətlərdən məmnun olmalıdır. Və artıq mən bir sıra dəyişikləri müşahidə edirəm. Yaşından asılı olmayaraq, artıq bir çox insanlar ekrandan uzaqlaşaraq özlərinə istirahət verməyi bacarırlar. Məni sevindirir ki, onların daxili səsi onlara belə deyir: “Artıq, bəsdir!”.
Hər şey plan üzrə getməlidir

– Insanları daha effektiv işləməyə imkan verəcək üç şey deyə bilərsiniz?

Birincisi. Həm ev, həm də iş qrafikinizdə ekrandan uzaqlaşaraq istirahət etmək üçün vaxt ayırın. Hər belə fasilə bir saatdan üç saata qədər davam etməlidir. Onda siz vacib problemi diqqətlə təhlil edə və ona müxtəlif nöqteyi-nəzərdən baxa bilərsiniz: onu dərk etmək, qeydlər aparmaq, fikirləşmək, müzakirə etmək.

Ikincisi. Elektron poçtu oxumayın və ayıqlığın ilk və son saatlarında kompüter ekranına baxmayın. Oyandığınız zaman siz hər hansı bir iş üzərində fikrinizi daha yaxşı toplaya biləcəksiniz. Günü vacib işdən başlamaq həmişə daha asandır, daha sonra xırda işlərlə məşğul olmaq olar.

Üçüncüsü. Bu gün, sabah və ertəsi gün üçün görüş və işləri əvvəlcədən planlaşdırın. Bu, diqqəti toplamağa və prioritetləri müəyyən etməyə kömək edəcək. Əgər siz hər şeyi planlaşdırmısınız, eləcə də səhər görəcəyiniz işlərin siyahısını axşamdan nəzərdən keçirmisinizsə, onda diqqətinizin ikinci dərəcəli şeylərə yayınması ehtimalı çox azdır. Günü iki hissəyə bölün: ən mühüm və mürəkkəb problemləri günün birinci yarısında həll edin, yerdə qalan vaxtı danışıqlara, təxirəsalınmaz işlərə və xırda tapşırıqlara ayırın.

– Çox vaxt biz yeni həyata başlamağa can atırıq – məsələn, çalışırıq ki, yeni il axşamı özümüzə söz verdiyimiz bütün tapşırıqları bir dəfəyə yerinə yetirək, nəticədə heç birini yerinə yetirə bilmirik. Nəzərdə tutulmuş işi sona çatdırmaq üçün nə etmək lazımdır?

Daha nizam-intizamlı olmaq üçün bunu edin: elektron poçtu nə vaxt və hansı tezliklə yoxlayacağınızı planlaşdırın. Əgər siz özünüzə elektron poçtu gün ərzində səhər saat 9-dan axşam saat 6-a qədər dörd dəfə yoxlayacağınıza söz versəniz, onda bu maksimal effekt verəcək. Ekrana baxmaq həvəsinizi öldürəcək qısa bir ifadə fikirləşin. Özünüzə “Tfu!” deyə əmr edin.

– Elektron poçt və sosial şəbəkələrə meylli olan insanlara daima smartfonların ekranına baxmaq vərdişindən azad olmaları üçün nə məsləhət verərdiniz?

Mobil cihazlara hədsiz meylilik axmaqlıqdır. Tez-tez elektron poçtu yoxlamağa meylli olmayın. Əvvəl də dediyim kimi sizi bu fikirdən çəkindirəcək qısa bir ifadə fikirləşin. Ya da özünüzdən soruşun: “İndi elektron poçtu yoxlamaq üçün ideal vaxtdır?”. Bu sualı işdən yayınmağa hədsiz dərəcədə meyl olduğunuz an verin. Ekrandan uzaqlaşmaq vaxtı yetişdikdə mobil cihazı bir kənara qoyun. Əgər siz hesabat üzərində işləməlisinizsə, elektron poçt bildirişlərinin səsini söndürün və ya smartfonu gizlədin. Bu məsləhətlərə bir ay ərzində əməl etməyə çalışın, bu zaman özünüz görəcəksiniz ki ekrandan uzaqlaşmaqla mürəkkəb məsələləri effektiv həll edirsiniz. Hər gün işinizdəki irəliləyişi təhlil edin. Iki saatdan bir elektron poçtu yoxlamağı yadınıza salacaq xəbərdarlıq zəngi quraşdıra bilərsiniz.

Insanlar öz vərdişlərini dəyişməyə çalışırlar, lakin bir gün də olsun elektron poçtsuz yaşaya bilmirlər. Və təslim olurlar. Onlar başa düşmürlər ki, bu asılılıqdır. Lakin bir neçə gün dözə bilən insan bu “xəstəlikdən” azad olur. Bəzən insan kritik həddi keçməlidir və yalnız bu zaman o öz asılılığından azad ola bilər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər