10 C
Baku
Wednesday, December 11, 2024

Şöbə müdiri: “İşğal müddətində ətraf mühitə, su ehtiyatlarına zərər verənlər məsuliyyətə cəlb olunacaq”

“Oxçuçayda ekoloji böhran və çirklənmənin davamlı olması nəticəsində ətraf ərazilərin ekoloji riskləri ilə bağlı müvafiq məlumatlar beynəlxalq qurumlara bildirilib”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Zəngilana təşkil olunan səfər zamanı bildirib.

Onun sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzur su ehtiyatları ilə zəngin olan ərazilərdir: “Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, terminal, mineral su yataqları ilə bol olan yeraltı su ehtiyatları var. İşğalda olan torpaqlar azad edildikdən sonra orada su ehtiyatları üzərində nəzarət xarakterli monitorinqlər bərpa edildi. Aparılan monitorinqlərin nəticələrinə görə transsərhəd çayların, xüsusilə də Oxçuçayın ağır metallarla ciddi şəkildə çirkləndiyi aşkar edilib. Həm su ehtiyatlarının özü, həm də dib çöküntüləri ağır metallarla çirklənməyə məruz qalıb. Bunun da əsas mənbəyi Ermənistanda fəaliyyət göstərən dağ-mədən sənayesi müəssisələridir”.

Şöbə müdiri deyib ki, çirklənmə prosesi işğal vaxtında olduğu kimi indi də davam edir: “Sanki Oxçuçay tullantı sularının kollektoru kimi istifadə olunur. Bununla da çayın ekoloji mühit və balansı pozulub. Bu faciə ilə bağlı lazımi təşkilatlar qarşısında iddialar qaldırılıb. Oxçuçayın çirklənməsinin qarşısının alınması, bərpası ilə bağlı elmi yanaşmalardan istifadə edərək reabilitasiya proqramının hazırlanması məqsədilə müvafiq tədqiqat qrupu da yaradılıb”.

Nazirlik rəsmisi vurğulayıb ki, qeydə alınan ölçmə nəticələri, hər bir qiymətləndirmə, aşkar olunan faktların hamısı sənədləşdirilir: “Sonda bütün bu sənədlər müvafiq qurumlara təqdim olunacaq və çirklənməni törədən şirkətlər, müəssisələr qarşısında məsələ qaldırılacaq. Azad olunan ərazilərdə işğal müddətində fəaliyyət göstərən, təbiətə, ətraf mühitə, su ehtiyatlarına, çaylara zərər verənlər mütləq şəkildə məsuliyyətə cəlb olunacaqlar, törətdikləri əmələ görə də cavab verəcəklər”.

Son xəbərlər
Digər xəbərlər