SOCAR ABŞ-də $1,65 milyardlıq aktivlər alır

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ABŞ-ın neft-qaz sektorunda fəaliyyət göstərən “Comstock Resources” şirkəti ilə 1,65 milyard dollarlıq aktivlərin alınmasına dair yekun müqavilə imzalayıb. Bu sövdələşmə SOCAR-ın son illərdə xarici ölkələrdə neft-qaz yataqlarına birbaşa investisiya yatırmaq strategiyasının növbəti böyük addımıdır.

Banker.az xəbər verir ki, noyabrın 4-də imzalanan müqaviləyə əsasən, SOCAR ABŞ-ın “Comstock Resources” şirkətinin “Legacy Haynesville” layihəsindəki iştirak payının 20 faizini, “Western Haynesville” layihəsindəki payının 15 faizini, həmçinin qazın toplanması və nəqli infrastrukturu sahəsində fəaliyyət göstərən “Pinnacle Gas Services LLC”də şirkətə məxsus 73 faizlik payın 15 faizini əldə edəcək.

Müqaviləyə görə, SOCAR-ın “Western Haynesville” layihəsindəki iştirak payı beş il keçdikdən və investisiyasından 15 faiz gəlirlilik əldə edildikdən sonra 7,5 faizə endiriləcək. Sövdələşmənin qüvvəyə minmə tarixi 1 iyul 2026-cı il müəyyənləşdirilib. Alqı-satqının 2026-cı ilin sonunadək yekunlaşdırılması gözlənilir və bunun üçün müvafiq tənzimləyici orqanların razılığı tələb olunur.

SOCAR-ın tərəfdaşı olan “Comstock Resources” ABŞ-ın əsas təbii qaz hasilatçılarından biridir. Nyu-York Fond Birjasında CRK tikeri ilə ticarət olunan şirkətin fəaliyyəti əsasən Texasın şərqində və Luiziananın şimalında yerləşən “Haynesville” şist qazı hövzəsində cəmləşib. “Western Haynesville” layihəsi çərçivəsində şirkətin təxminən 545 min akr (~220,6 min hektar) xalis ərazi üzrə aktivləri mövcuddur. Region ABŞ-ın mayeləşdirilmiş təbii qaz (LNG) ixrac terminallarına yaxınlığı ilə strateji əhəmiyyət daşıyır.

“Comstock Resources”un noyabrın 4-də açıqladığı maliyyə hesabatına əsasən, 2026-cı ilin üçüncü rübündə şirkətin hasilatı illik müqayisədə 9 faiz artıb. Rüb ərzində neft və qaz satışlarından, qiymət risklərinin hedcinqi üzrə reallaşmış gəlirlər də daxil olmaqla, 359,3 milyon dollar gəlir, 22,3 milyon dollar isə səhmdarlara aid xalis mənfəət əldə edilib.

Sövdələşmə ABŞ şirkəti üçün də mühüm maliyyə əhəmiyyəti daşıyır. “Comstock Resources” əldə edəcəyi vəsaiti borclarının azaldılmasına yönəltməyi planlaşdırır. Şirkətin əvvəlki açıqlamasına əsasən, əməliyyatın nəticəsində 2026-cı ilin iyun ayının sonuna olan göstəricilər üzrə hesablanan xalis borc 3,1 milyard dollardan təxminən 1,5 milyard dollara düşə bilər. Şirkətlər həmçinin ABŞ-da hasil edilən təbii qazın beynəlxalq LNG bazarlarında satış imkanlarını araşdırmağı nəzərdə tuturlar.

“Comstock Resources”un əsas səhmdarı ABŞ-ın məşhur “Dallas Cowboys” futbol klubunun sahibi Cerri Consdur (Jerry Jones). Sentyabr ayında “Comstock” həmçinin Cons ailəsi ilə təxminən 450 milyon dollar dəyərində ayrıca qaz quyularının qazılması və tamamlanması layihəsi üzrə razılaşma əldə edib.

SOCAR son illərdə hansı ölkələrdə aktivlər alıb?

SOCAR-ın ABŞ bazarına daxil olması şirkətin son beş ildə həyata keçirdiyi beynəlxalq genişlənmə siyasətinin davamıdır. Xüsusilə 2024-cü ildən etibarən dövlət şirkəti xarici ölkələrdə neft və qaz yataqlarının işlənməsində iştirak paylarının alınmasını sürətləndirib.

2024-cü ilin mayında SOCAR Birləşmiş Ərəb Əmirliklərinin dövlət enerji şirkəti “ADNOC” ilə “SARB” və “Umm Lulu” dəniz neft yataqlarında 3 faizlik iştirak payının əldə edilməsinə dair müqavilə imzalayıb. Bu, SOCAR-ın xaricdə neft-qaz kəşfiyyatı və hasilatı sahəsində ilk investisiyası kimi təqdim edilib.

2025-ci ilin yanvarında isə SOCAR İsrail sahillərində, Aralıq dənizində yerləşən “Tamar” qaz yatağında 10 faizlik iştirak payının alınması barədə razılaşma əldə edib. Əməliyyat həmin ilin iyununda tamamlanıb. İsrailin “Globes” nəşrinin məlumatına görə, sövdələşmənin təxmini dəyəri 1,25 milyard dollar olub. Yatağın operatoru ABŞ-ın enerji şirkəti “Chevron”dur.

Baleine
Baleine

SOCAR-ın xarici investisiyalarının coğrafiyası 2026-cı ildə Afrikaya da genişlənib. Şirkət yanvarda İtaliyanın enerji nəhəngi “Eni” ilə Kot-d’İvuarda yerləşən “Baleine” dəniz neft-qaz layihəsində 10 faizlik payın satın alınmasına dair müqavilə imzalayıb və sövdələşmə sentyabrın 16-da yekunlaşıb.

“Baleine” Kot-d’İvuarın əsas dəniz neft-qaz layihələrindən biridir. Sentyabrda açıqlanan göstəricilərə görə, yataqda gündəlik hasilat 57 min bareldən çox neft və 78 milyon kubfutdan artıq təbii qaz təşkil edib. Layihənin üçüncü mərhələsində neft hasilatının gündəlik 150 min barelə çatdırılması nəzərdə tutulur.

SOCAR yalnız hasilat aktivləri ilə kifayətlənmir. Şirkət 2026-cı ilin mayında İtaliyanın neft emalı və yanacaq satışı sektorunda fəaliyyət göstərən “Italiana Petroli” şirkətinin səhmlərinin 99,82 faizini “API Holding”dən satın almağı tamamlayıb. Bununla SOCAR İtaliyada iki neft emalı zavoduna, geniş saxlama və logistika infrastrukturuna, eləcə də 4 600-dən çox yanacaqdoldurma məntəqəsini əhatə edən şəbəkəyə nəzarət əldə edib.

Azərbaycanın özəl enerji şirkəti də ABŞ-də aktivlər alıb

Qeyd edək ki, ABŞ-ın neft-qaz bazarına daxil olan yeganə Azərbaycan şirkəti SOCAR deyil.

Azərbaycanda özəl neft-qaz hasilatı sektorunda fəaliyyət göstərən “GL Group” da 2026-cı ilin iyulunda ABŞ-ın Texas ştatında, Midland şəhəri yaxınlığındakı Permian hövzəsində dörd neft-qaz yatağının hasilat aktivlərini satın alıb.

Sövdələşmə nəticəsində şirkət 200-dən çox fəaliyyətdə olan hasilat quyusunu əldə edib və onların tam operatorluğunu öz üzərinə götürüb. Bununla “GL Group” ABŞ-də hasilat aktivlərini birbaşa idarə edən ilk Azərbaycan şirkətlər qrupu olub.

“GL Group” bundan əvvəl, 2024-cü ilin oktyabrında Kanadanın “Gazelle Energy Limited” şirkətində 25 faizlik səhm payı alaraq Türkiyənin şimal-qərbindəki Trakya hövzəsində təbii qaz layihəsinə daxil olub. “Gazelle Energy Limited” həmin ərazidə 145 kvadratkilometrlik qaz kəşfiyyatı və hasilatı lisenziyasına sahibdir.

 

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər