“SOCAR AQŞ” İraqda layihələrin həyata keçirilməsi üçün tenderlərdə iştirak edir.
Banker.az xəbər verir ki, bunu “SOCAR AQŞ”nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən “IADC Drilling Caspian & Black Sea 2026” konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, “SOCAR AQŞ” biznesini genişləndirmək məqsədilə regiondakı müxtəlif tenderlərdə iştirak edir: “Misal olaraq İraqı göstərmək olar. Hazırda regionun özəl operatorlarından biri olan “Crescent Petroleum” ilə bu ölkədə bir kəşfiyyat quyusunun qazılması üçün tender prosesindəyik. Layihənin həcmi “1+4” quyudan ibarətdir. İlk quyu kəşfiyyat quyusu olacaq və hər şey uğurlu keçərsə, hasilat nəticələri müştərinin gözləntilərinə cavab verərsə, daha dörd quyu qazılacaq. Bundan əlavə, “Basra Oil Company” (BOC) ilə əməkdaşlıq çərçivəsində 2000 at gücündə qurğularla qazma işlərinin aparılması üçün tenderdə iştirak edirik. Bu müqavilə qurğuların istismarı ilə həyata keçiriləcək”.
O qeyd edib ki, şirkərin Türkiyə və İraqdakı layihələri onun güclü beynəlxalq təcrübəsini aydın şəkildə nümayiş etdirir: “Bu, eyni zamanda, regionumuz da daxil olmaqla, dünya miqyasında təhlükəsiz və yüksək keyfiyyətli qazma xidmətləri göstərmək öhdəliyimizi bir daha təsdiqləyir”






