®Beynəlxalq akkreditasiyaya malik təlim mərkəzi olan Bakı Qazma Məktəbi (Baku Drilling School) bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionu üzrə üç illik müqavilə imzaladığını böyük məmnuniyyətlə elan edir.
Bu müqavilə çərçivəsində Bakı Qazma Məktəbi Qazma Quyularına Nəzarət və İmmersiv(real) Simulyator təlimlərini, o cümlədən İnsan Faktoru və Heyət üçün Resursların İdarə Edilməsi üzrə təlim proqramlarını təmin edəcək. Bu proqramların əsas məqsədi həm bp, həm də onun subpodratçılarının əməkdaşları üçün təhlükəsiz və səmərəli qazma əməliyyatları ilə bağlı lazımi bilik və bacarıqları təchiz etməkdir.
Bakı Qazma Məktəbi ilə bp arasındakı bu əməkdaşlıq Xəzər regionunda istedadların inkişafı və mükəmməlliyə birgə öhdəliyi vurğulayaraq, enerji sənayesində mühüm mərhələni qeyd edir.
Bakı Qazma Məktəbinin direktoru Nəriman Mustafayev bildirmişdir: “Biz ixtisaslaşmış təlim proqramlarının təmin edilməsi məqsədilə Beynəlxalq Akkreditasiyalara malik ilk yerli təlim məktəbi kimi bp tərəfindən seçildiyimiz üçün qürur hissi duyuruq. Biz bu etimadı doğrultmağa və neft-qaz sənayesinə yüksək keyfiyyətli təlim xidmətlərini təqdim etməyə çalışacağıq”.
SOCAR AQŞ tərəfindən təsis edilmiş Bakı Qazma Məktəbi sənaye tendensiyalarına uyğun olaraq neft və qaz mütəxəssisləri üçün təhlükəsizliyə əsaslanan, innovativ, effektiv və kompleks təlim proqramları təqdim edir.
Bu, Xəzər regionunda IWCF və IADC tərəfindən akkreditasiya olunmuş təlim proqramları təqdim edən qabaqcıl çoxfunksiyalı X1-platinum simulyatoruna malik müasir Qazma Tədris Mərkəzidir.
Hazırda Bakı Qazma Məktəbi müştərilərin tələblərinə uyğun hazırlanmış kurslar təqdim edir və Neft və Qaz sənayesinin müxtəlif sahələri üzrə 60-dan çox təlim kursu təklif edir.
Bakı Qazma Məktəbi və onun təlim proqramları haqqında ətraflı məlumat üçün www.bds.com.az saytına daxil olun.