“SOCAR AQŞ” şirkəti növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq.
Banker.az xəbər verir ki, bunu “SOCAR AQŞ”nin Türkiyə üzrə ölkə meneceri Elvin Nəsibov Bakıda keçirilən “IADC Drilling Caspian & Black Sea 2026” konfrans və sərgisində bildirib.
Onun sözlərinə görə, “SOCAR AQŞ” Türkiyədəki biznesini artıq genişləndirib: “Şirkətin filialı olan “SOCAR AQS Sondaj” 2019-cu ildə təsis edilib. İlk layihəmiz Türkiyənin qaz şirkəti olan BOTAŞ üçün yeraltı qaz saxlama quyularını əhatə edirdi. İşin həcmi “təhvil-təslim” müqaviləsi əsasında 28 quyunun qazılmasından ibarət idi. Qazmadan əlavə, digər quyu xidmətlərini də təqdim etdik. Çətinliklərə baxmayaraq, 28 quyunun hamısını uğurla qazdıq”.
O qeyd edib ki, hazırda şirkət Türkiyədə iki qurğu ilə fəaliyyət göstərir: “Biri yük maşınına quraşdırılmış HH300 hidravlik qurğusudur. Türkiyədə quruda qazma işləri üçün mobillik çox vacibdir. Biz bu qurğunu Cənub-Şərqi Anadolu hövzəsindəki “Çalık Petrol” üçün işlədirik. Artıq gündəlik tarif əsasında iki quyu qazmışıq və hazırda əlavə quyu xidmətləri də göstərməklə “təhvil-təslim” müqaviləsi çərçivəsində üçüncü quyu üzərində işləyirik”.
E.Nəsibov vurğulayıb ki, Türkiyədəki ikinci qurğu MR8000 mexaniki qurğusudur ki, o da yük maşınına quraşdırılıb: “Bu qurğunu Cənub-Şərqi Anadolu hövzəsində “Turkish Petroleum” layihələri çərçivəsində idarə edirik. İşin həcmi növbəti iki il ərzində gündəlik tarif əsasında səkkiz quyunun qazılmasını nəzərdə tutur”.






