®Böyük məmnuniyyət hissi ilə bildiririk ki, SOCAR AQŞ-nin törəmə şirkəti SOCAR AQŞ «Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş» (SOCAR AQŞ Türkiyə) Türkiyənin ən böyük özəl neft və qaz operatorlarından biri olan Çalık Petroleum şirkəti ilə daha bir mühüm müqavilə imzalamışdır.
Müqaviləyə əsasən, “SOCAR AQŞ Türkiyə” Türkiyənin Diyarbəkir vilayətində quruda yerləşən beş neft quyusunun təhlükəsiz və səmərəli şəkildə tamamlanması üçün qazma xidmətlərini təmin edəcək.
“SOCAR AQŞ Türkiyə” səmərəliliyin artırılması və səs-küy səviyyəsinin azaldılması kimi xüsusiyyətlər daxil olmaqla, ənənəvi qazma qurğuları ilə müqayisədə əhəmiyyətli üstünlüklərə malik innovativ HH300 hidravlik qazma qurğusunu Türkiyədə ilk dəfə olaraq istifadə edəcək.
SOCAR AQŞ-nin Baş direktoru Samir Mollayev qeyd etmişdir: “Müştəri bazamızın şaxələndirilməsi Korporativ İnkişaf Strategiyamıza uyğundur. Bu yeni müqaviləni Türkiyədə imzalamaqla, işimizə olan öhdəliyimiz, innovativliyə olan yanaşmamız və daim mükəmməllik axtarışımız sayəsində uğur qazanacağımızı bilərək, qarşıdakı imkanları və çətinlikləri qəbul edirik”.
“Biz böyük məmnuniyyətlə Çalık Petroleum ilə tərəfdaşlıq edirik və əminik ki, təcrübəmiz bu müqavilə çərçivəsində həyata keçiriləcək fəaliyyətlər üçün təminat rolu oynayacaq”, deyə “SOCAR AQŞ Türkiyə”-nin Ölkə üzrə Meneceri Famil Xələfov bildirmişdir.
SOCAR AQŞ 2019-cu ildən bəri Türkiyədə qazma layihələri həyata keçirir və Türkiyə Respublikasının dövlət neft şirkəti olan «Turkish Petroleum Corporation» (TPAO) ilə imzalanmış son razılaşmalardan biri çərçivəsində daha dörd neft quyusu qazılacaq. SOCAR AQŞ həmçinin Türkiyədə Tuz Gölü yeraltı qaz anbarının genişləndirilməsi layihəsinə davam edir.
Mükəmməllik, təhlükəsizlik və dayanıqlılıq kimi məqsədlərə daim sadiq olmaqla, SOCAR AQŞ regionda və qlobal miqyasda qazma və quyu xidmətlərinin aparıcı təchizatçısı kimi öz mövqeyini möhkəmləndirməyi hədəfləyir.