“Cənub Qaz Dəhlizi” layihəsi Avropada Rusiyanın “Qazprom” şirkətinin iştirak etdiyi layihələrlə rəqabət aparmaq niyyətində deyil, bütün boru kəmərləri enerji daşıyıcılarına tələbatın artması fonunda istifadə olunacaq.
Bu sözləri “RİA Novosti”yə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentinin müavini Vitali Bəylərbəyov Vaşinqtona səfəri çərçivəsində deyib.
“Cənub Qaz Dəhlizi” Xəzər dənizi şeflində hasil olunmuş qazın 3,5 kilometr məsafəni qət edərək Avropaya çatmasına imkan yaradacaq. “Cənub Qaz Dəhlizi” Cənubi Qafqaz qaz kəməri, TANAP və TAP-dan ibarətdir. TANAP layihəsi “Şahdəniz” yatağından Azərbaycan qazının Gürcüstan vasitəsilə Türkiyəyə çatdırılmasına, TAP isə 2020-ci ildə qazın Cənubi Avropaya göndərilməsinə yardımçı olacaq.
Banker.az Oxu.az-a istinadən bildirir ki, Bəylərbəyovun sözlərinə görə, “Cənub Qaz Dəhlizi”nin mahiyyətini siyasi formada izah etməyə çalışılmasına və bunu “Qazprom”la rəqib göstərilməsinə baxmayaraq, əslində, belə bir mübarizə yoxdur.
“Mən burada və digər çıxışlarımda da demişəm ki, boru kəməri layihələrinin qarşı-qarşıya qoyulması cəhdlərini sevmirəm”, – o deyib.
“Biz uzun illərdir “Qazprom”la və digər Rusiya şirkətləri ilə əməkdaşlıq edirik. Bizim “Rosneft”lə çox yaxşı əlaqələrimiz var. Rusiyada çox sayda azərbaycanlı neftçilər çalışır. Və bu, əlaqələrimiz üçün çox yaxşıdır”, Bəylərbəyov qeyd edib.
“Bizim işləmək istədiyimiz və ya işlədiyimiz bazarlarda “Qazprom” da fəaliyyət göstərir. Bizim bağladığımız müqavilələr “Qazprom”un bağladıqlarına təsir göstərmir”, – Bəylərbəyov əlavə edib.
Onun sözlərinə görə, buna görə də bir layihənin digərinə mane olması fikri yanlışdır.
“Doğrudur, bazar iş deməkdir. Onlar bizim, biz də onların etdiklərini nəzərə almalıyıq”, – Bəylərbəyov deyib.
O bildirib ki, SOCAR “Qazprom”un etdiklərini çox diqqətlə izləyir.
“Söhbət “Türk axını”na da aiddir. Bu layihə “Cənub Qaz Dəhlizi”nə mane törətmir”, – o söyləyib.
Top-menecer deyib ki, gələcəkdə illik 25-30 milyard kubmetr qazın hasilatından danışmaq mümkün olacaq, bununla yanaşı, “Qazprom”un hazırda illik hasilatı 200 milyard kubmetrdir ki, bu da daim artır.