“Azərbaycanda neft hasilatı hər il 7-10% azalır”.
Bunu bu gün Bakıda keçirilən II Beynəlxalq “Xəzər və Mərkəzi Asiya – Neft Emalı, Neft-kimya, Ticarət və Logistika” forumunda SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov bildirib.
“Bu, təbii prosesdir. Biz bunun qarşısını almağa çalışırıq. 2020-ci ildə neft hasilatının sabitləşməsini gözləyirik. Bu da əsasən, “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun işlənməsi ilə bağlı imzalanacaq yeni müqavilə ilə əlaqəli olacaq. Azərbaycanın imza atdığı neft müqavilələrinin şərtləri dəyişməyib və bu amil xarici investorlar üçün çox əlverişlidir.
“Əsrin Müqaviləsi” imzalananda neftin 1 barelinin qiyməti 12 dollar, 1996-cı ildə Bakı-Tbilisi-Ceyhan boru kəməri işə salınarkən 60 dollar, “Şahdəniz” yatağı işə salınarkən isə 92 dollar idi.
Qiymətlərin belə dəyişməsi xarici investorların bizim layihələrə marağını azaltmayıb”, – deyə V.Bəylərbəyov bildirib.
SOCAR rəsmisi qeyd edib ki, bu günə qədər Azərbaycanın neft sektoruna 220 mlrd. dollarlıq investisiya qoyulub ki, SOCAR bu layihələrdən 120 mlrd. dollar gəlir əldə edib.